Bu məkan sərnişin təyyarəsinin qəfil və təcili eniş etdiyi yer təsiri bağışlaya bilər. Amma belə deyil. Bu məkan Azərbaycanın Quba rayonundakı restorandır.
Oxu.Az xəbər verir ki, Britaniyanın populyar Daily Mail qəzeti Quba rayonundakı “təyyarə restoran” barədə məqalə dərc edib.
Yazıda deyilir:
"İş adamı Natiq Bəkmirzəyevin dediyinə görə, həmişə əla mənzərəsi olan restorana sahib olmağı arzulamışdı. Yerli sakinlər də ümid edirlər ki, sabiq sovetlər dönəmində istehsal olunmuş bu köhnə Tu-134B təyyarəsi turistləri cəlb edəcək.
“Çox aradım, axtardım, axırda Rusiyada hesabdan silinmiş bu təyyarəni aldım. Mən biləni, əla ideyadır. Əslində təyyarəni restorana döndərmək yeni ideya olmasa da, indiyədək təyyarəni dağ yamacına qoyan insan barədə eşitməmişəm”, - 43 yaşlı iş adamı deyir.
Onun sözlərinə görə, qeyri-adi restoranını görmək üçün xaricdən turistlərin gələcəyinə ümid edir.
Təyyarə köhnə olsa da, restoranın sahibi müştərilərə əla yemək vəd edir.
Sahəsi 17,5 m2 olan restoran daş sütunlar üzərindəki təyyarədədir”.