Masallı şəhərində səhər saatlarına ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata əsasən, bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
APA-nın məlumatına görə, yanğın baş vermiş əraziyə dərhal FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının əhatə dairəsi genişləndiyindən əraziyə Lənkəran və Göytəpə şəhərlərinin hər birindən əlavə olaraq daha bir yanğınsöndürən maşın cəlb olunub. Onların 3 saata yaxın birgə səyləri nəticəsində yanğını lokallaşdırmaq mümkün olub.
Faktla bağlı araşdırma aparılır.