Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğuna vətəndaş müraciəti daxil olub.
Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilən işçilərin bəziləri qismən işə gəlib, digər qismi isə ümumiyyətlə işə gəlməyib, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənilib. Bundan başqa, birliyin aktından məlum olub ki, həmin qurumun balansında olan avtomobillərin 3 700 manat dəyərində ehtiyat hissələri əsassız olaraq balansdan silinib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam edir.