İlahiyyatçı Elşad Miri Fransada törədilən terrorla bağlı yazılarda Məhəmməd peyğəmbərin karikaturasını yayan Azərbaycanın bəzi media orqanlarını ittiham edib.
Oxu.Az-ın məlumatına görə, o, AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycan mediasında Məhəmməd peyğəmbərin karikaturasının çap olunması həmin o saytların qeyri-peşəkarlığını göstərir:
"Ya bu, reytinq məsələsidir. Ya da düşünürlər ki, ateistdirlər, ona görə bunu edirlər. Əslində onlar fikirləşməlidirlər ki, bəzi insanlar var, özündən, hətta valideynlərindən də çox peyğəmbərini sevir. Həmin karikaturaların təkrar yayılması belə insanlara qarşı, əlbəttə ki, təhqiramiz məsələdir. Yeri gəlsə, həmin qurumlar haqda məhkəməyə də müraciət oluna bilər.
Yadınızdadırsa, illər öncə bəzi şəxslər karikatura ilə bağlı yazdıqları yazılarına görə cinayət məsuliyyətinə cəlb edildilər. O karikatura onların müəyyən müddət həbsxanada yatmalarına səbəb oldu. Ona görə də belə şeylərdən çəkinmək lazımdır".
E.Miri hesab edir ki, bu gün Avropanın söz azadlığı ilə bizim söz azadlığımız arasında fərqli cəhətlər var:
"Bunları nəzərə almaq lazımdır. Avropa söz azadlığı adı altında təhqiramiz məsələləri gündəmə gətirir. Bunu isə heç bir halda söz azadlığı ilə əlaqələndirmək olmaz. Bu, birbaşa təhqirdir, insanların dini təriqəti ilə oynamaqdır. ABŞ kimi ölkələrdə də cinayətlərin əsas səbəblərindən biri budur".