Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Janr böhranı: “Charlie Hebdo” və ya şəklə görə güllə
Srağagün bütün dünya Parisin düz mərkəzində baş verən hadisədən sarsılmışdı. Fransanın aparıcı satirik jurnallarından birinin redaksiyasında jurnalın təsisçiləri və aparıcı jurnalistləri daxil olmaqla 12 nəfər güllələnmişdi.
İctimai rezonansa görə bu terror aktı 11 sentyabr ABŞ faciəsi ilə müqayisə oluna bilər və bir çox fransız qəzetləri bu hadisəni elə “Parisin 11 sentyabrı” adlandırıblar.
Bu hadisələr barədə fikir söyləməyi prezidentlərdən tutmuş, qabyuyanlara qədər hamı özünə borc bildi. Sosial şəbəkələrdə #CharlieHebdo və #JeSuisCharlie haşteqləri gözə çarpır, opponentlər isə həmişə olduğu kimi ölüm-dirim mübarizəsinə hazırdırlar. Dünyada söz və fikir azadlığına dəstək üçün etiraz, mitinq və digər aksiyaların dalğası keçdi.
Məncə, bütün bu baş verənlərin arxasında İslamı terror dini kimi göstərməyə çalışan siyasəti görməmək üçün tam bir axmaq olmaq lazımdır. Artıq on illərdir aparılan bu siyasətin baş rolunun ifaçıları təsir altına düşən müsəlmanların özüdür.
Əslində isə bu gün çox az adam “Charlie Hebdo”-nun anti-İslam jurnalı olmaması haqqında düşünür, çünki onlar eyni canfəşanlıqla müqəddəs üçlüyün – Allah-ata, Allah-oğul və Müqəddəs ruhun karikaturalarını da dərc etmişdilər. Yeri gəlmişkən, çox iyrənc karikaturalardır.
Amma nədənsə imanlı katoliklər redaksiyaya soxulub kafirləri yandırmağa tələsmədilər.
“Charlie Hebdo” redaksiyasında baş verən hadisələr təsadüfi deyildi. Onlar bir müddət öncə “şər imperiyasının” – qondarma xilafət “İslam dövləti”nin yaradılması və digər hadisələr zənciri ilə çox gözəl uzlaşır. İbtidai icma quruluşunun vəhşilərinin adət-ənənəsinə malik İD Avropada, eləcə də bütün dünyada anti-İslam meyllərin güclənməsinə, əsasən millətçilərlə təqdim edilmiş sağ partiyaların təsirinin möhkəmlənməsinə gətirib çıxardı.
Bütün bunlar PEGIDA alman təşkilatı qəbilindən olan və “Avropa yalnız xristian dəyərlərinə əsaslanan avropalılar üçündür” prinsipini əsas götürən təşkilatlar tərəfindən etiraz aksiyalarının keçirilməsini mümkün etdi. Bu bir neçə il isə bunu düşünmək belə mümkün deyildi. Bəs necə, axı dünya ictimaiyyətinin təfəkkürünə artıq çox dayanıqlı şəkildə, partlayıcılar ilə sarınmış, kütbeyin, saqqallı fanat, əlində isə intellegent avropalının kəsilmiş başını tutan müsəlman obarızını yeridiblər.
Məncə, baş verən hadisələrdən sonra Avropada ultrasağ nümayəndələrin hakimiyyət başına gəlməsi kimisə də təəccübləndirər. Məsələn, elə həmin Fransada Marin le Pen artıq bir neçə il sonra prezident seçkilərində qalib gəlmə şansına malikdir, bu isə orada yaşayan müsəlmanlar üçün heç də yaxşı bir amil olmayacaq. “Charlie Hebdo”da baş verən terror aktının onun mövqeyini möhkəmləndirəcəyini demək lazımdırmı?
Digər bir aspekt, çox qəribə görünür, çox qəribədir – görəsən fransız polisi hücum edənlərin şəxsiyyətini necə müəyyən edib, sən demə jurnalistləri güllələməyə yollanarkən onlardan biri özü ilə şəxsiyyət vəsiqəsini götürüb. Sadəcə götürməyib, onu avtomobildə düşürməyi də ağıl edib. Əlbəttə, özünə hörmət edən terrorist “işə” sənədsiz gedər? Çox gülüncdür.
Müsəlman icmasının bu faciəyə reaksiyası İslam düşmənlərinin dəyirmanına su tökdü: baş verənlərdən kənara çəkilən Avropa müsəlmanları bir növ: “Mənlik deyil, özü gəlib” üslubunda fikir bildirərək, özlərinin yaxşı olmalarını və onların din qardaşlarının nə etdiklərindən xəbərsiz olduqlarını yazırlar. Aydındır ki, məsələnin belə qoyuluşu gərginliyin azalmasına yardım etməyəcək.
Şübhə etmirəm ki, çoxları hesab edir ki, fransız karikaturaçıları haqq etdiklərini alıblar, yəni Məhəmməd peyğəmbərin karikaturasını çəkmək lazım deyildi. Elə bu gün də forumlarda, sosial şəbəkələrdə yayılan xəbərlərə bu qəbildən olan rəylərə rast gəlmək olardı. Bu ruhda olan rəyləri elə bizim həmvətənlərimiz də səsləndirdilər, bu isə normal insanın əhvalını təlx edir.
İnsanı çəkdiyi şəklə görə, lap iyrənc olsa belə, kimin üçün isə təhqir olsa belə, onu bu şəklə görə öldürmək vəhşilikdir, bu, müasir cəmiyyətdə yolverilməzdir. Bu hərəkətə heç nə ilə, heç imanlıların hisslərinin təhqir edilməsi ilə də bəraət qazandırmaq olmaz. Çünki sivil ölkələrdə söz və mətbuat azadlığı anlayışı var – ateist öz nəzər nöqtəsinə malik ola bilər, hətta ona gülməli və ağlasığmaz gələn dini tezisləri məzəmmət edə bilər, güllənənən fransız jurnalistləri də bunu edirdilər.
Bu vəhşi terror aktlarına bəraət qazandıranlara insan demək olmaz və onlar özlərini imanlılar sırasına aid edə bilməzlər, çünki bütün dünya dinlərinin əsas qadağası Allahın verdiyi cana qıymaqdır.
Aliyə İsmayılzadə
www.oxu.az