Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhərrəmin həyat yoldaşı məşum gündən danışdı: “Şəkil atdım, dedim ki, sənin işlərini mən edirəm” - REPORTAJ
Yaşadığı evin girişində onun xatirə lövhəsi var.
Üzərində belə yazılıb:
“Aprel, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbər verən, hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında olan Məhərrəm Əli oğlu İbrahimov Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb”.
Bu sözləri həmkarlarımızın ölümünün birinci ildönümündə Məhərrəm İbrahimovun əziz xatirəsini yad etmək üçün ailəsinin yaşadığı ünvana yollanan zaman qapının girişində oxudum.
Qısa arayış:
2021-ci il iyunun 4-ü saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində üç nəfər - Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İçəri daxil oluruq. Məhərrəmin iki övladı - Uğur və Toğrul evdə oynayırlar, ətrafda da atalarının şəkilləri...
Mərhum jurnalistin həyat yoldaşı Bahar İbrahimova Oxu.Az-a Məhərrəmlə tanışlığından danışır:
“Biz həyat yoldaşımla eyni kənddənik. Böyüklərimizin məsləhəti ilə tanış olmuşuq. 2013-cü ildə ailə həyatı qurduq. O, ürəyiyumşaq, qayğıkeş, mehriban insan idi. Ata kimi də yaxşı insan idi. Uşaqları ilə münasibəti tamam fərqli idi. Son loğmasını belə, uşaqlara yedirirdi. İşdən yorğun gəlməyinə baxmayaraq, onları dizinin üstündə oturdub oynayardı”.
Bahar xanım deyir ki, müharibə başlayan gün Məhərrəm işdə qalıb:
“2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o, işdə qaldı. Mən artıq bildim ki, o, çəkiliş üçün cəbhə bölgəsinə yollanacaq. Çünki o, Aprel döyüşlərində də cəbhə bölgəsində çəkilişlər edib. Məhərrəm cəbhə bölgəsinə tez-tez gedirdi. Hər dəfə evə qayıdana kimi qorxu, həyəcanla onu gözləyirdim. Müharibənin ikinci günü evə gəldi və paltarlarını yığmağımı xahiş etdi. Ona dedim ki, bu dəfə getmə, razılaşmadı.
Mən ağlaya-ağlaya ona çanta hazırladım və yola saldım. Paltarlarını yığdım, artıq yatmağa hazırlaşırdıq. Məhərrəm həmin gecə yatmadı, səhərə kimi mənə övladlarımız, mənim barədə vəsiyyət etməyə başladı. Deyirdi ki, övladlarıma elə baxmalısan ki, heç nəyə ehtiyacları olmasın. Məhərrəm cəbhəyə getdiyi vaxtdan təşviş, qorxu içində idim, onu itirəcəyimi hiss edirdim. Allaha dua edirdim ki, məni onunla sınağa çəkməsin”.
Bahar xanım Məhərrəm barədə danışan zaman sanki Uğur atasının yoxluğunu anlayıb, sakitcə dayanmışdı. Toğrul isə heç nə başa düşmədən atasının xatirə saatı ilə oynayırdı.
B.İbrahimova deyir ki, kiçik oğlu mərhum jurnalistə daha çox bağlı olub:
“Hər axşam pəncərənin qarşısında atasının yolunu gözləyirdi. Məhərrəm bir həftəlik icazə aldı və evə gəldi. Üç gün sonra Bərdəyə raket atdılar, ona görə Məhərrəm yenidən cəbhə bölgəsinə qayıtmalı oldu. Müharibə bitəndən sonra mənə zəng edib qələbə xəbərini verdi. Daha sonra evə gəlsə də, çəkilişlər üçün yenidən işğaldan azad olunan bölgələrə gedirdi. O, jurnalist kimi çalışdığı dövrdə ən qaynar nöqtələrdən xəbərlər çatdırıb”.
Şəhidin yoldaşı deyir ki, Məhərrəm ölümündən əvvəl sonuncu dəfə ötən ilin may ayında evə gəlib:
“Məhərrəm 2021-ci il mayın 10-da, Ramazan bayramında evə gəldi. Bir həftə bizimlə qaldı və mayın 18-də yenidən onu Qarabağa yola saldıq. Məhərrəm bu dəfə bizimlə başqa cür vidalaşdı. Qardaşları, qonşuları, bacıları ilə sağollaşdı. “Həyatdır, bilmək olmaz, bəlkə, gəlmədim...” - dedi və tez-tez dönüb evə baxdı. Mən də dedim ki, daha bəsdir, bu dəfə birdəfəlik gəl... Hətta zarafatlaşdım və onun gedişini videoya da çəkdim, elə bil ki, içimdəki hiss mənə sonuncu görüş olduğunu dedi”.
B.İbrahimova əlavə edib ki, Məhərrəm Kəlbəcərdə olanda bildirib ki, tez-tez danışa bilməyəcəklər:
“Mənə dedi ki, bir az gec zəng etsə, narahat olmayım. Minaya düşməzdən bir gün qabaq zəng etdi, danışdıq, uşaqları soruşdu. İyunun 4-də oğlumuzun vinetka çəkilişi var idi və hazırlaşırdıq. Oğlumu bərbərə apardım, Məhərrəmə şəkil atdım və dedim ki, sənin işlərini mən edirəm. Səhəri gün gördüm ki, bizə şəkil atıb, uşaqları soruşdu.
Biz vinetka çəkilişində olan zaman gözüm telefonda idi. Çünki Məhərrəmin bizə zəng etməməsindən, mesaj yazmamasından narahat idim. Bir müddət sonra mənə tanımadığım nömrədən zəng gəldi. Açmadım. Oğlumun şəkillərini çəkirdim ki, axşam atasına göndərim. Sən demə, həmin vaxt Məhərrəmi itirmişəm... Gördüm ki, telefonum susmur, ard-arda zənglər gəlir.
Məhərrəmin dostunun həyat yoldaşı mənə yenidən zəng etdi, telefonu açdım. Məndən soruşdu ki, Bahar, nə olub? Dedim ki, heç nə, nə olmalıdır ki? Sonra dedi ki, “rahat bir yer tap, otur, həyəcanlanma. Məhərrəm minaya düşüb, hazırda xəstəxanadadır”. Həmin an mənim üçün həyat dayandı. Qaça-qaça evə gəldim. Yolda dua etdim ki, həyətimizə heç kim yığışmasın... Qapıya çatdım, gördüm, qohumlar yığılıblar, baldızım “Məhərrəm yoxdur” deyəndə artıq onu itirdiyimi anladım”.
Məhərrəm İbrahimov gənc yaşlarında atasını, altı il əvvəl isə anasını itirib.
Bacısı İradə İbrahimova deyir ki, Məhərrəm həssas qəlbə sahib olub:
“Anamdan sonra o ən çox məndən çəkinirdi. Sonuncu dəfə Ramazan bayramında gələndə mənə qaymaq gətirmişdi, qapıdan verdi, getdi”.
İradə xanım deyir ki, qardaşının şəhid olduğu yerə baş çəkmək istəyir:
“Məhərrəm harada minaya düşübsə, oraya getmək istəyirəm. Bəlkə, orada ona aid nişanə, saç tükünü tapdım”.
Məhərrəm İbrahimov Uğurun həkim, kiçik oğlu Toğrulun isə idmançı olmasını istəyib.
Elə Uğur da bizə həkim olacağını bildirdi:
“Dərslərimi yaxşı oxuyuram. Həkim olacam”.
Mərhumun həyat yoldaşı deyir ki, uşaqları Məhərrəmin məzarı olduğunu bilirlər: “Hərdən məndən atalarının nə zaman gələcəyini soruşurlar. Onlara deyəcək söz tapmıram...”
İlhamə Əbülfət
Daha çox şəkil burada: Photostock.az
"Bərdə" teqi üzrə xəbərlər
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub
- Ər arvadını bıçaqladı: Sonra da özünə xəsarət yetirdi
- "Qarpızları Bakıya vertolyotla aparıb sərgiyə qoyurdular" - Yerli fermerlər köhnə dad axtarışında
Rəylər