Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məhkəmələrdə süründürməçilik nədən qaynaqlanır? - HESABAT
Hələ də bəzi hallarda məhkəmələrdə süründürməçilik məsələsi qalmaqdadır.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə Milli Məclisdə məruzəsində əksini tapıb.
Bildirilib ki, 2024-cü ildə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə məhkəmələrdə süründürməçilik, hakimlərin hərəkət və ya hərəkətsizliyindən narazılıq, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının, o cümlədən çəkişmə prinsipinin pozulması, prosessual müddətlərə riayət edilməməsi, məhkəmə qərarlarının surətinin proses iştirakçılarına vaxtında göndərilməməsi, məhkəmə aktlarından narazılıq, məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququnun əsassız məhdudlaşdırılması, qanuni qüvvəsini almış məhkəmə qərarlarının icraya yönəldilməməsi, yaxud icra olunmaması və digər hallar öz əksini tapıb.
Ombudsmanın ünvanına məhkəmə qərarlarının icra olunmaması ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsas etibarilə məhkəmə qərarlarının uzun müddət icrasız qalması, süründürməçilik hallarına yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması ilə bağlı olmuşdur.
Həmçinin qeyd olunur ki, məhkəmə sistemində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məhkəmələrə əlçatanlıq imkanlarını asanlaşdırmağa, onların fəaliyyətində keyfiyyət və səmərəliliyin artırılmasına hədəflənib.
Qeyd edilənlərlə yanaşı, Ombudsmana ünvanlanan müraciətlərdə bir sıra vətəndaşların texniki vasitələrə və internet resurslarına çıxış imkanlarının məhdud olması səbəbindən "elektron məhkəmə" informasiya sistemindən istifadə ilə bağlı çətinliklərlə üzləşdikləri, habelə birinci instansiya məhkəmələrinin qərar və qərardadlarından elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş formanın mürəkkəb olması səbəbindən vəkil xidmətlərindən istifadə etməyə məcbur qaldıqları bildirilib.
Bəzi hallarda "elektron məhkəmə" informasiya sistemində yaranmış nasazlıqlar məhkəmələrdə süründürməçillik hallarına səbəb olub.
Mərahim Nəsib
"İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)" teqi üzrə xəbərlər
- Qadın alimentə görə boşanır
- Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalıdır - TƏKLİF
- İnternet üzərindən satılan dərman preparatları insan sağlamlığına neqativ təsir göstərə bilər
- Azərbaycanda ipoteka şərtlərinə yenidən baxılacaq?
- Ombudsman: "Qadın sahibkarlığının inkişaf etdirilməsi məşğulluğun artırılması üçün vacibdir"