Bu gün məktəb həyətləri əvvəlkindən daha rəngarəng, daha səsli və daha həyəcanlıdır. Çünki bu gün birinci sinfə qədəm qoyan uşaqlar üçün həyatlarında yeni səhifə açılır.
Oxu.Az-ın əməkdaşı Bilik Günü münasibətilə birinciləri lentə alıb.
Bu gün balaca barmaqlar valideynlərinin əllərindən bərk-bərk yapışıb. Kiminsə üzündə təbəssüm, kiminsə gözlərində həyəcan var.

Amma bütün üzlərdə təbəssüm yoxdur. Məktəb qapısında atasının əlindən ayrılmaq istəməyən, göz yaşlarını saxlaya bilməyən balaca bir məktəbli görürük. Onun üçün bu qapıdan içəri keçmək, sadəcə, ilk dərsə getmək deyil, ata ilə ilk böyük ayrılıqdır. Bəlkə də məktəbin ən çətin dərsi elə bu andır - sevdiyin insanın əlini buraxmağı öyrənmək...
Birincilər üçün bu gün, sadəcə, dərs ilinin ilk günü deyil, uşaqlıqdan məktəbli həyata keçidin ilk addımıdır.
Çiyinlərində özlərindən böyük görünən çantaları, əllərində rəngli şarlar ilə məktəbə gəlirlər.
Bəziləri kameraya utanaraq baxır, bəziləri isə sevincini gizlədə bilmirlər. Hələ məktəb həyatının necə olacağını bilmirlər. Qarşıda onları ilk zəng, ilk dərs, ilk müəllim, ilk dostlar və saysız-hesabsız yeni xatirələr gözləyir.
Onların simasında bir uşağın böyüməyə başladığını görmək mümkündür. Dünən evdə valideynlərinin qucağında olan bu balacalar bu gün məktəbli formasında ilk dəfə sinif otaqlarına daxil olurlar.

Övladları məktəbə qədəm qoyan valideynlər də bu gün sevinc və qürur hissi keçirirlər. Onlar övladlarının ilk məktəb gününü həyəcanla izləyir, şəkillər çəkir, bu anı yaddaşlarına həkk etməyə çalışırlar. Çünki illər sonra bu fotolara baxanda məhz bu günün həyəcanını, sevincini və kövrəkliyini xatırlayacaqlar.
Birinci sinif şagirdlərinin gözlərində isə böyük bir dünya var. Onlar hələ bilmirlər ki, məktəb təkcə hərf və rəqəmləri öyrəndikləri yer deyil. Burada ilk dostlarını tapacaq, ilk uğurlarını qazanacaq, bəzən çətinliklərlə qarşılaşacaq, amma hər dəfə bir az da böyüyəcəklər.
İlk zəng çalınır...

Balaca ürəklər böyük arzularla məktəbin qapısından içəri daxil olurlar.
Onların həyatında yeni bir hekayə başlayır. Uğur olsun!