Özünü "BakuBus" MMC-nin sürücüsü kimi təqdim edən şəxsin şirkətin fəaliyyəti ilə bağlı səsləndirdiyi iddialara qurumdan cavab verilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, özünü "BakuBus" sürücüsü kimi təqdim edən Babək Dərbəndəliyev şirkətin avtobuslarının texniki vəziyyətini, ehtiyat hissələrinin çatışmazlığını və sürücülərin iş şəraitini tənqid edib.
O, çıxışında sentyabrın 15-dən məktəblərin açılması ilə sərnişin sayının artacağını, eyni zamanda Bakı metrosunun müəyyən istiqamətlər üzrə fəaliyyətində yaranan dəyişikliklərin avtobuslara əlavə yük gətirəcəyini bildirib.
Şəxs iddia edib ki, sərnişin sayının artmasına baxmayaraq, avtobus sürücülərinin maaşları və iş yükü ilə bağlı lazımi tədbirlər görülmür.
O, həmçinin "BakuBus" avtobuslarının bir qisminin yararsız vəziyyətdə olduğunu, bəzi avtobusların qarajlarda işlək vəziyyətdə saxlanıldığını iddia edib.
"Bu metronu bağladınız, başa düşdük. Amma əvvəl avtobusları düzəltmək, xəttə buraxmaq lazım idi. Sonra metronu bağlamaq lazım idi. İndi biz bu qədər sərnişini necə daşıyacağıq? Xarab avtobuslarla bu sərnişinləri necə daşıyacağıq?" - deyə o bildirib.
Şəxs çıxışında "BakuBus" rəhbərliyini də tənqid edərək şirkətin məsuliyyətinin daha yaxşı təşkil edilməsini istəyib.
Məsələ ilə bağlı "BakuBus" MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxs hazırda şirkətin əməkdaşı deyil.
Qurumun açıqlamasında qeyd olunub ki, Babək Dərbəndəliyev "BakuBus"da avtobus sürücüsü vəzifəsində çalışdığı müddətdə əmək və xidmət intizamının tələblərini pozub, o cümlədən qurumun əmlakına maddi ziyan vurulması ilə nəticələnən hallara yol verib.
Açıqlamada qeyd olunub ki, həmin hallarla bağlı ona dəfələrlə intizam tənbehi tətbiq edilsə də, pozuntular təkrarlanıb.
"Bununla yanaşı, sosial şəbəkələrdə qurumun işgüzar nüfuzuna xələl gətirən məlumatların paylaşılması halları da qeydə alınıb", - deyə şirkətdən bildirilib.
Məlumatda vurğulanıb ki, yol verilmiş pozuntuların təkrar xarakter daşıması, əvvəl tətbiq edilmiş intizam tənbehləri və qurumun işgüzar nüfuzuna xələl gətirən paylaşımlar nəzərə alınaraq, 17 fevral 2026-cı il tarixində Babək Dərbəndəliyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
"BakuBus"ın məlumatına görə, buna baxmayaraq, sözügedən şəxs sosial şəbəkə hesabında şirkətə məxsus korporativ geyimdə çıxış edərək özünü qurumun fəaliyyətdə olan sürücüsü kimi təqdim edir və şirkətin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar paylaşır.
"Bir daha bildiririk ki, Babək Dərbəndəliyev 17 fevral 2026-cı il tarixindən etibarən "BakuBus" MMC ilə əmək münasibətlərində deyil. Bu səbəbdən onun sosial şəbəkələrdə səsləndirdiyi fikirlər "BakuBus" MMC-nin və qurumun əməkdaşlarının mövqeyini əks etdirmir", - deyə şirkətdən vurğulanıb.
Qurum həmçinin bildirib ki, əməkdaşı olmadığı halda "BakuBus"a məxsus korporativ geyimdən istifadə edərək özünü fəaliyyətdə olan sürücü kimi təqdim etməsi ilə bağlı məsələyə hüquqi qiymət veriləcək və qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcək.