Bakının Xətai rayonunda avtomobillərin intensiv hərəkət etdiyi küçədə piyada zolağının silinməsi məsələsinə müvafiq qurum tərəfindən münasibət bildirilib.
Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, nəqliyyat vasitələrinin intensivliyi baxımından sözügedən ərazidə nizamlanmayan eynisəviyyəli piyada keçidinin təşkili məqsədəuyğun hesab edilmir:

"Məhəmməd Hadi, 105-113 ünvanının 70 metr yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib", - deyə T.Orucov bildirib.
Bakının Xətai rayonunda avtomobillərin intensiv hərəkət etdiyi küçədə piyada zolağının silinməsi piyadaların, xüsusilə də məktəblilərin hərəkətində ciddi çətinlik yaradır.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub.
Şikayətçi bildirib ki, söhbət Əhmədli qəsəbəsində Məhəmməd Hadi küçəsi, 105-113 ünvanlarından gedir.
Onun sözlərinə görə, həmin ərazidə avtomobillərin hərəkəti kifayət qədər intensivdir. Küçənin yaxınlığında üç böyük məktəb və iki uşaq bağçası yerləşir. Lakin hazırda piyada keçidi, demək olar ki, görünmür. Eyni zamanda, ərazidə piyadaların, xüsusilə də məktəblilərin keçidi ilə bağlı hər hansı xəbərdaredici nişanın da olmadığı bildirilir.
"Bu yoldan hər gün yüzlərlə uşaq keçmək məcburiyyətində qalır. Piyada zolağının görünməməsi və xəbərdaredici nişanların olmaması uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır. Hər gün uşaqların həyatı təhlükə ilə üz-üzə qalır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

