Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ölkənin paytaxtı Sənanı husilərdən azad etməyə və onlara qarşı mübarizəyə yönəlmiş "Yəmən şəfəqi" əməliyyatının başlandığını bəyan edib.
Oxu.Az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Dövlət institutlarını bərpa etmək, paytaxt Sənanı azad etmək və terrorçu husilərin qiyamını yekunlaşdırmaq üçün "Yəmən şəfəqi" əməliyyatı başlanıb", - deyə ölkə lideri bildirib.
Yəmən hökumət qüvvələri Bab-əl-Məndəb boğazı yaxınlığında yerləşən Zubab bölgəsinə nəzarəti bərpa edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalı məlumat verib.
Məlumata görə, Yəmənin "Əl-Əmalik" ("Nəhənglərin briqadaları") və "Dar əl-Vatan" ("Vətənin qalxanı") bölmələri üsyançı "Ənsar Allah" (husilər) hərəkatının bölmələrini bu ərazidən çıxarıb. Qeyd edilir ki, hökumət qüvvələri aviasiyanın köməyi ilə Kahbub dağları istiqamətindən düşmən mövqelərini keçib.
Hərbi mənbələrin telekanala bildirdiyinə görə, Zubabın ələ keçirilməsindən əvvəl ərazidə şiddətli döyüşlər gedib. Hücum nəticəsində Yəmən ordusu husilərin təchizat xətlərini demək olar ki, tamamilə kəsə bilib.
Yəməndə 2014-cü ilin avqust ayından bəri husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı münaqişələr davam edir. İyul ayında üsyançılar krallığa qarşı dəniz blokadasının tətbiqini elan ediblər və bundan sonra hökumətə məxsus bir neçə neft tankerinə hücum ediblər. Avqustun əvvəlində "Ənsar Allah" hərəkatı Yəmənin cənub-qərbində hücuma keçib, 10-11 sentyabr tarixlərində isə Moxa liman şəhəri və Bab-əl-Məndəb boğazına çıxışı olan ərazilər üzərində nəzarəti ələ keçirib. Oktyabrın 4-də Yəmən hökumət qüvvələri üsyançıların əlində olan əraziləri geri almaq üçün genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib.