İyulun 6-da axşam saatlarında Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə bir ata və üç övladının batması ilə nəticələnən hadisə zamanı yeni detallar ortaya çıxıb.
Hadisə yerində olan ailə yaxınlarının verdiyi məlumata görə, ailə dənizə istirahət etmək üçün gəlibmiş.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatları nəticəsində 51 yaşlı Rasim Məmmədov və 10 yaşlı qızı Aytən Məmmədzadə xilas edilib. Axtarışlar zamanı dalğıclar R.Məmmədovun 21 yaşlı oğlu Raul Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda dənizdə batdığı ehtimal olunan 19 yaşlı Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.
Qohumlar dənizli və küləkli hava şəraitində valideynlərə övladlarını suya gətirməməyi tövsiyə edərək, bu cür halların tez-tez baş verdiyini və ərazidə nəzarətin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar. Operativ xilasetmə əməliyyatı nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhrəman oğlu Məmmədov və 2016-cı il təvəllüdlü Aytən Rasim qızı Məmmədzadə xilas ediliblər.
Axtarışlar zamanı dalğıclar 2005-ci il təvəllüdlü Raul Rasim oğlu Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.