Ağrılı xatirələrə daim qayıtmaq yalnız emosional vəziyyətə deyil, həm də fiziki sağlamlığa mənfi təsir göstərə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə həkim-psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina danışıb.
Mütəxəssisin sözlərinə görə, xatirələr insanın həyatında mühüm rol oynayır: onlar keçmişlə əlaqəni qorumağa, təcrübədən nəticə çıxarmağa və şəxsiyyəti formalaşdırmağa kömək edir. Lakin bəzi hallarda köhnə hadisələr beynimizi həddindən artıq məşğul edir. İnsan etdiyi yanlışlıqlara, mübahisələrə və ya itkilərə təkrar-təkrar qayıdır, olanları anlamağa və ya zehni olaraq hadisələrin sonluğunu dəyişməyə cəhd göstərir.
"Bu cür yanaşma insan beyninin yarımçıq qalmış prosesləri tamamlamağa çalışması kimi xüsusiyyəti ilə bağlıdır. Xatirələri davamlı olaraq beyində fırlatmaq təşvişi çoxaltdığı kimi, əhvalı da korlayır və insanın işinə, dərslərinə və ya gündəlik qayğılarına fokuslanma bacarığını zəiflədir", - deyə Kraşkina qeyd edib.
Uzunsürən emosional yüklənmə fiziki sağlamlığa da mənfi təsir edir. Xroniki stres yuxu rejimini pozur, iştahasızlıq, yuxusuzluq, halsızlıq, əzələ və baş ağrıları, habelə psixoloji tükənmə ilə nəticələnə bilər.
Psixoterapevt bu neqativ dövrdən qurtulmaq üçün diqqəti yavaş-yavaş keçmişdən bu günə yönəltməyi məsləhət görür:
- Fərqindəlik məşqləri və idman: İdmanla məşğul olmaq və meditasiya kimi vərdişlər beyni sakitləşdirir.
- Gündəlik tutmaq: Düşüncələri yazıya köçürmək rahatlamağa kömək edir.
- Reallıq testi: "Hazırda bu vəziyyəti dəyişdirmək imkanım varmı?" sualını verin. Cavab "xeyr" olarsa, enerjinizi yalnız idarə edə biləcəyiniz məsələlərə yönəldin.
- Bağışlamaq: Bağışlamaq, baş verənlərə haqq qazandırmaq deyil, keçmişin bugünkü həyatınıza təsir etməsinə mane olmaq üçün verilən daxili qərardır.
Ekspert, həmçinin müasir həyatı keçmişin "gözəl dövrləri" ilə müqayisə etməkdən çəkinməyi tövsiyə edir. O vurğulayır ki, beyin keçmişi çox vaxt qüsursuzlaşdırır. Bunun qarşısını almaq üçün gündəlik kiçik xoşbəxtliklərə, yeni məqsədlərə və əzizlərlə keçirilən vaxta fokuslanmaq lazımdır. Əgər şəxsi səylər nəticə vermirsə və depressiya, kəskin narahatlıq kimi hallar yaranırsa, mütləq peşəkar psixoterapevt dəstəyi almaq vacibdir.