Bolqarıstan və Türkiyə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilənin icrasını 15 ay müddətinə dayandırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ankarada keçirilən görüşün yekununda Bolqarıstanın Baş naziri Rumen Radev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sabitliyin təmin edilməsi və təhlükəsiz təchizat şəbəkələrinin inkişafı üçün ölkələr arasındakı tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.
Görüşdən sonra Bolqarıstanın "Bulgarqaz" və Türkiyənin BOTAŞ şirkətləri mövcud müqavilənin 15 ay müddətinə dondurulmasına dair protokol imzalayıblar. Yeni razılaşmaya əsasən, bu müddət ərzində Bolqarıstan yalnız faktiki istifadə etdiyi qaz həcminə görə, daha əlverişli şərtlərlə ödəniş edəcək. Tərəflər, həmçinin gələcəkdə əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, Bolqarıstan 2023-cü ilin yanvarında Rusiya qazından imtina etdikdən sonra Türkiyənin terminalları vasitəsilə ildə 1.5 milyard kubmetr LNG tədarükünü nəzərdə tutan 13 illik saziş imzalamışdı. Müqaviləyə görə, Bolqarıstan LNG terminalları və qaz anbarlarının güclərini rezerv etmək üçün gündəlik təxminən 500 min avro (ümumilikdə 2 milyard avroya yaxın) ödəməli idi. Lakin Bolqarıstan bu imkanlardan demək olar ki, istifadə etməyərək, qazı digər mənbələrdən təmin edirdi. Sazişin tam kompensasiya ödənilmədən vaxtından əvvəl ləğv edilməsi mümkün olmadığı üçün "Bulgarqaz"ın Türkiyə tərəfinə olan borcu davamlı olaraq artırdı.