Bolqarıstanın Varna şəhərindəki Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə Bolqarıstanın Qara dənizdəki eksklüziv iqtisadi zonasında, Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə yerləşən "BETUL 8" adlı yük gəmisinin heyətindən qəza siqnalı daxil olub. Mesajda gəminin batdığı bildirilib.
Oxu.Az bu barədə Bolqarıstanın "Varna24" nəşrinə istinadən məlumat verir.
Xəbərə görə, Qara dənizdəki Mina Əleyhinə Müdafiə Qrupundan dörd gəmi - ikisi Bolqarıstan, biri Rumıniya və biri Türkiyə gəmisi olmaqla, hadisə yerinə göndərilib. Əməliyyatlar Dəniz Administrasiyası İcra Agentliyinin Təcili xilasetmə işləri Baş İdarəsi tərəfindən koordinasiya olunur.
Əməliyyata, həmçinin iki "Cougar" helikopteri və Hərbi Hava Qüvvələrinə məxsus bir "Su-25" təyyarəsi də cəlb edilib, ərazidə müşahidə və kəşfiyyat işləri aparılır.
Somali bayrağı altında üzən "BETUL 8" gəmisinin 12 nəfərlik ekipajla Rumıniyanın Tulça şəhərindən Misirə getdiyi və təxminən 3 ton buğda daşıdığı bildirilir.