Xəzər rayonunun Mərdəkan qəsəbəsində yol təmirindən sonra qapağı qoyulmayan lük sürücüləri maddi ziyana salmaqla yanaşı həm də təhlükəyə atır.
Bu barədə Oxu.Az-a şikayət daxil olub.
Bildirilib ki, hadisə ötən gün saat 21:30-da Mərdəkan qəsəbəsində, Sergey Yesenin küçəsində qeydə alınıb.
"Asfaltda yenilənmə işləri görülüb. Bir həftə keçib, amma lükün ağzı açıq qalıb. Axşam vaxtı maşınla hərəkət edəndə görünmədiyi üçün lükə düşmüşəm. Avtomobilimin təkəri, diski, asqı sistemi ziyan görüb. Mənə dəymiş ziyanın ödənilməsi ilə bağlı hara şikayət edə bilərəm?"- deyə şikayətçi bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli faktı təsdiqləyib.

"Sözügedən ərazidə əvvəlcə uyğun olmayan ölçüdə yağış barmaqlığı quraşdırıldığı üçün sonradan götürülüb. Asfaltlama işləri zamanı düzgün ölçülər götürülərək yeni barmaqlıq sifariş edilib. Ötən gün quraşdırılması mümkün olmayıb. Bu gün yeni barmaqlıq gətirilərək yerinə quraşdırılacaq", - deyə A.Nəcəfli bildirib.