Bu il 58 947 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, abituriyentlər, o cümlədən subbakalavrlar, müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki yeddi rəqəmli kodu "7727" nömrəsinə göndərməklə öyrənə bilərlər.
DİM hər bir abituriyentə dim.gov.az saytında müsabiqənin nəticələri ilə bağlı arayışla tanış olmağı tövsiyə edib. Arayışda abituriyentin ərizəsində qeyd etdiyi ixtisasın kodu və adı, həmin ixtisas üzrə minimal keçid balı, həmin ixtisas koduna uyğun dövlət sifarişi üzrə minimal keçid balı, eləcə də dövlət sifarişi üzrə bütün ali təhsil müəssisələrində eyni adlı ixtisaslar üzrə minimal keçid balı və müsabiqənin nəticəsi göstərilir.
Beləliklə, abituriyentin hansı əsasla ali məktəbə qəbul olduğu və ya müsabiqədən keçmədiyi barədə məlumatı bu arayışdan əldə etmək mümkündür.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçiriləcək. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib.
Qeydiyyat avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün ilk növbədə "mygov ID" (vahid giriş sistemi) vasitəsilə "my.gov.az" portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək. Bu halda onun qəbul olunması barədə əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqədə 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri, o cümlədən 4 215 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub.
Qəbul olunanlardan 28 108 nəfər, o cümlədən 1 145 subbakalavr dövlət sifarişi əsasında, 317 nəfər, o cümlədən 58 subbakalavr dövlət hesabına, 30 522 nəfər, o cümlədən 3 012 subbakalavr isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:

Qeyd edilib ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 103 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.
98 nəfər isə idman istiqaməti üzrə müvafiq ixtisaslara qəbul olunub.
Həmçinin 185 abituriyent (I və IV ixtisas qrupları üzrə) Azərbaycan - Fransız Universitetinə (UFAZ), 104 abituriyent Bakı Mühəndislik Universitetinə (Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 17 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında elektron formada təqdim olunacaq. Abituriyentlər jurnalı avqustun 25-də günün ikinci yarısından etibarən "pdf" formada abiturient.az saytından əldə edə biləcəklər.
Yaxın günlərdə dərc olunacaq "Abituriyent" jurnalının 7-ci sayında isə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı da veriləcək.
Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, iştirakçılar müsabiqənin nəticələri barədə məlumatı mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi"ni "7727" nömrəsinə göndərməklə öyrənə bilərlər.