Sınaq imtahanları, qəbul imtahanları, yarış...
Mənim yaşıdlarımın həyatının əhəmiyyətli hissəsi bu yarışların içində keçib.
"Filankəsin uşağı filan balı yığdı".
"Sən nə etdin?"
"Universitetə qəbul ol".
"Bizi biabır etmə".
Uşaqlıqdan bizə bir şey öyrədildi: sənin dəyərin nəticəndir.
Kiminsə övladı səndən çox bal yığdısa, geridə qaldın. Kimsə daha yaxşı universitetə qəbul oldusa, uduzdun. Kiminsə uşağı xaricdə oxudusa, ailənizin söhbət mövzusuna çevrildin.
İndi isə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Sosial şəbəkələrdə tanış mənzərədir. Övladı universitetə qəbul olan valideyn paylaşır, təbrik edir, qürur duyur. Qohumlar şərh yazır, dostlar sevinir, nəticələr müqayisə edilir.
Və burada bir şeyi dəqiq ayırmaq lazımdır:
Uşağın uğuruna sevinməkdə, yüksək balı ilə fəxr etməkdə, onun zəhmətini qiymətləndirməkdə heç bir problem yoxdur.
Əksinə, uşaq çalışıb, məqsədinə çatıbsa, bununla fəxr etmək tamamilə normaldır.
Problem uğurda deyil.
Problem ondadır ki, uğur uşağın insan kimi dəyərinin meyarına çevrilir.
Hasarın o biri tərəfində isə başqa bir reallıq var.
Qəbul ola bilməyən uşaqlar valideynlərinin onlara göndərdiyi mesajları paylaşırlar:
"Evə gəlmə".
"Bizi biabır elədin".
Bir anlıq dayanaq.
Həqiqətən, övladınızın psixoloji sağlamlığı sizin iki-üç nəfərin yanında qürurlana bilməyinizdən daha aşağıdır?
Əgər cavabınız "bəli"dirsə, mən burada artıq valideynlik institutunun özünü sorğulamağa başlayıram.
Yetişməmiş insanların komplekslərinin əziyyətini niyə uşaqlar çəkməlidirlər?
Çünki siz övlad böyütmürsünüz, yarış atı yetişdirirsiniz.
Uşağın potensialına, maraqlarına, xarakterinə, istedadına baxmadan onu sizin təsəvvür etdiyiniz gələcəyə doğru qaçmağa məcbur edirsiniz.
Amma bir şeyi unudursunuz:
Əziz valideynlər, bu, sizin həyatınız deyil. Onun həyatıdır.
Sizin dünyaya gəldiyiniz dövlət belə artıq mövcud deyil. Necə öz düşüncələrinizin mütləq və əbədi həqiqət olduğuna bu qədər əminsiniz?
Sizin fantaziyalarınız onun gələcəyində o qədər də vacib olmayacaq.
Mən rəqəmsal sahədə çalışan, süni intellektlə iç-içə olan bir insan kimi bunu xüsusilə yaxşı bilirəm. Bu gün "müasir tendensiya" hesab etdiyim şeylərin bir hissəsi bir neçə ildən sonra əhəmiyyətsiz olacaq.
Mənim də dövrüm keçəcək.
Sizin də.
Hamımızın.
Həyat başqalarına fors etmək üçün çox qısadır.
Həyat səhvlərin və düzlərin harmoniyasıdır.
Övladınıza proses boyu nəzarət etmək və valideyn kimi məsuliyyətli olmaq lazımdır. Nəticə zamanı damğa olmaq lazım deyil.
Nəticə istənilən halda doğmalar tərəfindən dəstək istəyən bir andır.
Amma bu o demək deyil ki, nəticə əhəmiyyətsizdir.
Əksinə, yaxşı nəticə əldə etmək böyük zəhmətin, intizamın, bəzən də istedadın göstəricisidir. Uşağın uğurunu görmək, onu təqdir etmək və bununla qürur duymaq lazımdır.
Sadəcə bir fərqlə:
Uşağın uğurunu qeyd etmək başqa şeydir, uğursuzluğunu onun şəxsiyyətinə çevirmək başqa.
Bir uşaq 700 bal toplayıbsa, bu, onun üçün böyük nailiyyətdir.
Amma 500 bal toplayan uşaq 700 bal toplayandan daha az dəyərli insan deyil.
Universitetə qəbul olan uşaq uğur qazanıb.
Qəbul ola bilməyən uşaq isə insan kimi məğlub olmayıb.
Bunları bir-birinə qarışdırmaq olmaz.
Çünki problem yalnız qəbul imtahanında deyil.
Bu yarışın sonu yoxdur.
Universitetə qəbul oldun?
"Bəs nə vaxt evlənəcəksən?"
Evləndin?
"Bəs uşağınız nə vaxt olacaq?"
Uşaq oldu?
"İkinci uşaq nə vaxtdır?"
Yaşıdların ev aldı?
"Siz nə vaxt alacaqsınız?"
Yaşıdın vəzifədə yüksəldi?
"Sən niyə hələ orada qalmısan?"
Təxminən 90 yaşınıza qədər bu yarış davam edə bilər.
Sonra, nəhayət, yarış bitər, düşünərsiniz.
Amma onda da yaşıdlarınızın bir hissəsi ölmüş olacaq.
Və sizdən də ölməyiniz gözləniləcək.
Absurd səslənir, amma həyatını başqalarının tempi ilə yaşayan insan üçün yarışın finiş xətti yoxdur.
Sadəcə yol boyu verilən suallar dəyişir.
Bəs bu yarış niyə bu qədər erkən başlayır?
Niyə uşağın dəyərini onun balı ilə ölçürük?
Niyə valideyn öz övladının nəticəsini şəxsi uğuru və ya uğursuzluğu kimi qəbul edir?
Çünki məsələ təkcə valideynlərin ambisiyası deyil.
Bizim bütöv təhsil sistemimiz nəticəni öyrənmənin özündən üstün tutmağa öyrəşib.
Təhsilin bizə vurduğu ən böyük psixoloji zərbələrdən biri budur: bizə öyrənməyi yox, imtahandan keçməyi öyrədirlər.
Uşaq məktəbə gedəndə qarşısına qoyulan əsas məqsəd bilik əldə etməkdən çox qiymət almağa çevrilir.
Testi düzgün cavablandırmaq.
Yüksək bal toplamaq.
İmtahandan keçmək.
Universitetdə də mənzərə çox dəyişmir.
Semestr boyu öyrənilənlərin böyük hissəsi imtahana qədər daşınmalı bir yükə çevrilir. İmtahan bitir və həmin yükün böyük hissəsini unutmağa başlayırıq.
Çünki məlumat yalnız müəyyən bir tarixə qədər lazım olacaqsa, onu uzunmüddətli bilik kimi mənimsəmək əvəzinə, müvəqqəti tapşırıq kimi qəbul etmək çox asandır.
Beləcə, təhsil bizə təhlükəli bir fikir aşılayır:
Öyrənmək yükdür, imtahandan keçmək isə mükafat.
Halbuki biliyə həqiqətən maraqlı insan üçün vəziyyət bunun əksidir.
Öyrənməyin özü mükafatdır.
Mən illərdir kitabları bu yanaşma ilə oxuyuram.
Oxuduğum hər şeyi yadda saxlamaq məcburiyyətində olduğumu düşünmürəm. Altından xətt çəkirəm, qeydlər aparıram, amma "bunu sabah kimsə məndən soruşsa, cavabını bilməliyəm" düşüncəsi ilə oxumuram.
Sadəcə oxuyuram.
Və illər sonra hansısa mövzu haqqında düşünəndə vaxtilə oxuduğum onlarla kitabın, məqalənin, söhbətin bir-biri ilə əlaqələndiyini görürəm.
Bəzən ortaya çıxan nəticə mənim özümü belə təəccübləndirir.
Deməli, hər biliyin beynimizdə ayrıca, hazır cavab kimi qalmasına ehtiyac yoxdur.
Əsas məsələ beynin zamanla əlaqələr qurmasıdır.
Amma məktəb bizə çox vaxt bunun əksini öyrədir.
Bir mövzunun kiçik hissəsini öyrənirik.
İmtahandan X balla keçirik.
Sistem deyir: "Keçdin".
Diplom verilir.
Qiymət yazılır.
Və insan bir müddət sonra bu formal təsdiqi həqiqi biliklə səhv sala bilir.
Amma X bal bilik deyil.
Diplom da bilik deyil.
Mən universitet otaqlarında yüksək balla tarix imtahanından keçib, çöldə Səfəvi dövlətinin yarandığı ili bilməyən nə qədər tələbə görmüşəm.
İmtahandan keçmək müəyyən bir mövzunu dərindən bildiyinin sübutu deyil.
Bu, sadəcə müəyyən edilmiş meyarı keçdiyini göstərir.
Bu, imtahanın və ya yüksək nəticənin heç bir dəyəri yoxdur demək də deyil.
Yüksək nəticə çox vaxt zəhmətin, hazırlığın, intizamın və müəyyən bacarıqların real göstəricisidir.
Sadəcə onun əhatə dairəsi məhduddur.
700 bal bir nəticədir. İnsan haqqında hökm deyil.
Ən böyük problem də burada başlayır:
Ölçülməsi asan olanı öyrənmə ilə səhv salırıq.
Test sisteminin başqa bir problemi də bizi bilmədiyimiz suala cavab verməyə məcbur etməsidir.
Dörd cavab variantı verilir.
Bilmirsən?
Təxmin et.
Bəlkə düz çıxacaq.
Düz çıxanda isə sistem səni mükafatlandırır.
Halbuki bilmədiyimiz məsələdə "bilmirəm" demək intellektual dürüstlüyün vacib formasıdır.
Bəlkə də təhsil sisteminin öyrətməli olduğu ən vacib bacarıqlardan biri budur:
"Bilmirəmsə, boş buraxıram".
Çünki bilmədiyimiz halda düzgün cavabı təsadüfən tapmaqla həqiqətən bilməyi bir-birinə qarışdırmaq mümkündür.
Nəticədə qəribə bir mənzərə yaranır:
Hamı hər şeyi bilir.
Əslində isə çox az adam nəyi bilmədiyini bilir.
İvan İlliçin məktəblə bağlı mühüm tənqidlərindən biri də məhz bu illüziyaya toxunur:
"Bilik məktəbdə əldə edilir".
Doğrudanmı?
Hansı universitet insanın həyat boyu qarşılaşacağı bütün mövzuları ona öyrədə bilər?
Heç biri.
Bir insanın maraqlandığı bütün sahələri əhatə etmək üçün dörd-beş fərqli fakültə belə kifayət etməz.
Bu gün isə kitablar, elmi məqalələr, mühazirələr, kurslar, araşdırmalar və saysız-hesabsız informasiya mənbəyi əlimizin altındadır.
Buna baxmayaraq, insan hələ də hansısa mövzuda danışanda "Mən bunun ixtisasını oxumamışam" deyərək özünü avtomatik olaraq diskvalifikasiya edir.
Sanki universitet diplomu olmayan insanın düşünmək hüququ yoxdur.
Əlbəttə, kitab oxumaq avtomatik olaraq mütəxəssis olmaq demək deyil.
İnternetdə məlumat tapmaq sistemli elmi hazırlığı əvəz etmir.
Tibb, hüquq, mühəndislik kimi sahələrdə peşəkar təhsil və hazırlıq həyati əhəmiyyət daşıyır.
Amma bu başqa məsələdir.
Bilik əldə etməyin inhisarını məktəbə və universitetə vermək tamam başqa məsələdir.
Akademiyanın əsas funksiyası bəlkə də insana hər şeyi öyrətmək yox, öyrənmək üçün ona vaxt və struktur qazandırmaqdır.
Eyni ixtisası bitirmiş iki insandan biri müəyyən sahəni bilir, digəri isə bilmir.
Çünki diplom insanın beyninə bilik yükləyən sehrli çip deyil.
Təhsil sisteminin daha bir problemi budur:
Standartlaşdırılması mümkün olmayan bir şeyi standartlaşdırmağa çalışır.
Kitab oxumaq hər insan üçün fərqlidir.
Bir insan eyni kitabdan tarix öyrənir.
Digəri psixologiya.
Üçüncüsü öz həyatına cavab tapır.
Birinin bir kitabdan aldığı fikir digərinin heç ağlına gəlməyə bilər.
Bunu necə testlə ölçəcəksən?
Neçə bal verəcəksən?
Nə qədər "fayda" əldə etdiyini necə hesablayacaqsan?
Mümkün deyil.
Ona görə də sistem ən asan ölçülən şeyə qaçır:
testə, nota, bala, imtahana.
Sonra isə ölçülməsi asan olanı "öyrənmə" ilə səhv salırıq.
Bəlkə də təhsilə münasibətimizi dəyişməyin vaxtıdır.
Oxuduğumuz hər şeyi yadda saxlamağa çalışmaq əvəzinə, beynimizdə suallar yaratmalıyıq.
Hər kitabdan hazır cavab gözləmək əvəzinə, yeni əlaqələr qurmalıyıq.
"Bunu imtahanda soruşacaqlar?" sualını isə mümkün qədər tez həyatımızdan çıxarmalıyıq.
Çünki həyatın özü imtahan deyil.
Heç kim səndən 20 il sonra hansı kitabın 47-ci səhifəsində nə yazıldığını soruşmayacaq.
Əsas məsələ illər ərzində oxuduqlarının sənin düşüncə tərzini dəyişməsidir.
Dünyaya baxışını genişləndirməsidir.
Sual vermək qabiliyyətini artırmasıdır.
Yeni əlaqələr qurmağı öyrətməsidir.
Və ən əsası, bilmədiyini etiraf etməkdən qorxmamağındır.
Çünki həqiqi öyrənmə "mən bilirəm" cümləsi ilə bitmir.
Çox vaxt məhz bu cümlə ilə başlayır:
"Mən bunu bilmirəm".
Uşaqlarımıza bunu öyrətmək onları yalnız yüksək bal toplamağa məcbur etməkdən daha qiymətlidir.
Amma yüksək bal toplamağı da kiçiltmək lazım deyil.
Əgər bir uşaq məqsəd qoyub, aylarla çalışıb və 700 bal toplayıbsa, onun zəhmətini alqışlamaq lazımdır.
Əgər başqa bir uşaq eyni səylə çalışıb və istədiyi nəticəni əldə edə bilməyibsə, onun da yanında olmaq lazımdır.
Çünki uğur mütləq şəkildə tərifə layiqdir, uğursuzluq isə mütləq şəkildə təhqirə layiq deyil.
700 bal onun həyatını müəyyən etmir.
Amma 700 bal toplaması da əhəmiyyətsiz deyil.
Diplom onun bütün gələcəyini müəyyən etmir.
Amma diplom qazanmaq üçün çəkdiyi zəhmət də dəyərlidir.
Universitetə qəbul olmaq insanı başqalarından üstün etmir.
Qəbul ola bilməmək də insanı başqalarından aşağı etmir.
Əsas məsələ budur.
Çünki uşaqları həyatın yarışına hazırlamaqla, onları həyata hazırlamaq eyni şey deyil.
Valideynin vəzifəsi uşağını heç vaxt uğursuz etməmək deyil.
Bu mümkün də deyil.
Valideynin vəzifəsi uşağa uğurun sevincini yaşamağı, uğursuzluğun isə son olmadığını öyrətməkdir.
Uşağa qalib gələndə təvazökar olmağı, uduzanda isə özünü itirməməyi öyrətməkdir.
Çünki həyat boyu hər ikisi olacaq.
Və nə qədər qəribə səslənsə də, uşağınıza verə biləcəyiniz ən böyük üstünlüklərdən biri ona bunu anlatmaqdır:
Sən nəticələrindən daha böyüksən.
Nə qədər bal toplamağından, hansı universiteti bitirməyindən, hansı vəzifəyə çatmağından, hansı evi almağından, nə vaxt evlənməyindən və ya başqalarının sənin haqqında nə düşünməyindən asılı olmayaraq.
Çünki həyat başqalarının qarşısında qazanılan bir yarış deyil.
Və valideynlərin qurduğu yarışın finiş xəttinə çatmaqla həyatın özünü qazanmış olmursan.