Bu cür insanlar intihardan əvvəl hansısa mesajlar verərək sanki onlara dəstək göstərilməsini istəyirlər.
Oxu.Az xəbər verir ki, bunu Facebook sosial şəbəkəsində millət vəkili Qənirə Paşayeva ötən gün İsmayıllı rayonu, Aşağıbaş kəndinin sakini Tofiq Adıgözəlovun intiharını şərh edərək yazıb.
Qənirə Paşayeva bildirib ki, İsmayıllı rayonunun Aşağıbaş kənd sakini, gənc bir insan Tofiq Adıgözəlovun özünü asaraq intihar etməsi çox üzücü bir hadisədir:
“Allah rəhmət etsin. Yaxınlarına səbir diləyirik. Daha həssas bir toplum olmalıyıq. Onun ölümündən əvvəl Facebook səhifəsində yazdığı status dostlarını görəsən narahat edibmi? Ona psixoloji və mənəvi dəstək üçün arayan, dəstək verən olubmu? Bu suallar barədə ciddi düşünməliyik. Görünən odur ki, bu cür insanlar intihardan əvvəl hansısa mesajlar verərək sanki onlara dəstək göstərilməsini istəyirlər. Kimlərinsə onları intihar qərarından vazkeçirməsini istəyir... Bəlkə də bu dəstəyi görməmək də onları daha dərindən üzür və... Bilmirəm... Amma çox üzüldüm. Allah anasına, ailəsinə səbir versin və məncə hamımız bir az daha duyarlı olmalıyıq çevrəmizə, insanlara...”.
Millət vəkili Q.Paşayeva onu da qeyd edib ki, gənclərin psixoloji olaraq daha güclü olması və yetişməsi üçün ailələrdən, məktəbdən başlayaraq, KİV-də proqramlara qədər daha çox işlər görülməlidir.
Xatırladaq ki, İsmayıllı rayonunun Aşağıbaş kənd sakini, Tofiq Adıgözəlov ötən gün Facebook-da son statusunu yazaraq evlərinin həyətində özünü asaraq intihar edib.

Elvin Əhmədov
www.oxu.az