Millət vəkili Fazil Mustafa dərslərin iyun ayının ortalarına qədər uzadılmasına və “Təhsil haqqında qanun”da edilən son qalmaqallı dəyişikliyə öz etirazını bildirib.
Deputat Oxu.Az-a açıqlamasında, dərslərin uzadılmasının dərsin keyfiyyətinə hansısa müsbət təsir göstərmədiyini, əksinə, həm valideynlər, həm müəllimlər, həm də şagird-tələbələr üçün maddi və başqa problemlər yaratdığını söyləyib: “Milli Məclisin dünənki iclasında da bu fikirlərimi səsləndirdim. Bu qərarın dəyişdirilməsini, dərslərin sentyabrın 1-dən başlaması və mayın 25-də tamamlanmasının çoxluğun maraqlarına uyğun gəldiyini ifadə etdim.
Bəzən deyirlər ki, Avropa ölkələrində cəmi 45 gün tətil edirlər, ancaq bir şeyi unutmayın ki, orada təhsil hamı üçün əlçatandır və məktəbin görünməyən xərcləri valideynin çiynində deyil. Mən də istərdim ki, uşaqlar məktəbdə daha çox olsunlar, oxusunlar, ancaq sual olunur, hansı məktəbdə? İdman üçün şərait yox, üzgüçülük hovuzu yox, sinif otaqlarında, auditoriyalarda adicə kondisioner yox, onları məktəbə daşıyacaq avtobusdan başqa ictimai nəqliyyat yox, üstəlik, zavallı müəllimin maaşı da aşağı səviyyədə. Bir çox valideyn gün ərzində avtomobillə bir neçə dəfə məktəbə gedib-gəlməli olur ki, uşağının təhlükəsizliyini təmin etsin”.
F.Mustafa “Təhsil haqqında qanun”da edilən dəyişikliyə görə, ali məktəblərin bakalavr pilləsinə qəbul üçün hazırlıq qruplarının təşkil olunmasına da etiraz edib: “Bu, kütləvi savadsızlığın artmasına öz töfhəsini verəcək. Adamların xaricdə təhsil almaq üçün valyutanı ora daşımasını istəmiriksə, universitetlərdə təhsilin keyfiyyətini qaldırmaq və qəbulu asanlaşdırmaq lazımdır. Buraxın kim hansı ali məktəbə istəyir, qəbul olsun, sadəcə, oxuma şərtlərini ağırlaşdırın ki, savadsız adam diplom ala bilməsin. Yəni giriş asanlaşdırılsın, çıxış çətinləşdirilsin! Təsadüfi adam diplom ala bilməsin. Avropada, Amerikada belədir. Adam ali məktəbdə illərlə oxumadan girələnmək istəyirsə, qoy pulunu izafi yerə xərcləsin. Bu, Sovet dövrü deyil ki, əksəriyyət statistikaya görə ali təhsilli olsun. Hazırlıq qruplarında oxuyub, aşağı ballarla ali məktəbin birinci kursuna daxil olanların yaratdığı mühitdə yüksək balla qəbul olanların da öyrənmə rəqabəti xeyli zəifləyəcək. Hesab edirəm ki, bu Qanun onsuz da keyfiyyəti yüksək olmayan təhsilimizi əlavə problemlərlə məşğul edəcək”.
Milli Məclisin 13 iyunda keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi Layihə səsə qoyularaq qəbul olunub. Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Zülfiyyə Qurbanova