İki gün əvvəl Milli Məclisin plenar iclasında təklif edilən daha bir layihə ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Milli Məclisin Elm və Təhsil Komitəsi tərəfindən “Təhsil” haqqında Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərin bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur.
Oxu.Az-ın məlumatına görə, narazılığa və səs-küyə səbəb olan dəyişikliyə görə, universitetlərin nəzdində ödənişli hazırlıq kursları yaradılacaq və bu kursları bitirənlər bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Təklif olunan dəyişiklikdə “Təhsil” Qanununun 26-cı maddəsində hazırlıq qruplarına qəbul test üsulu ilə həyata keçiriləcək və təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər.
Təklif edilən dəyişiklik universitetlərin DİM-lə mübarizəsi kimi başa düşülə bilər. Çünki DİM-in keçid balını aşağı salmaması universitetlərin boş qalmasına səbəb olur.
Oxu.Az təklif ətrafında gedən müzakirələri nəzərə alıb, dəyişikliyin mahiyyətini araşdırıb.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, Azərbaycan ali təhsil sisteminin bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunmasını genişləndirəcək: “Bundan başqa, hazırlıq qruplarının təşkil edilməsi ölkə gənclərinin xarici ölkələrə, xüsusən, o qədər də reytinqi olmayan ali məktəblərə axınının qarşısını alacaq. Bu da o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaq. Çünki tələbələr ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcək”.
İsa Həbibbəyli edilmiş dəyişikliyə əsasən, hazırlıq qruplarında təhsilin təşkilinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəyini deyir: “Yəni, Təhsil Nazirliyi hazırlıq qruplarında tədris proqramlarını hazırlamalı, zəruri elmi-metodiki ədəbiyyatın və kadr potensialının olmasını təmin etməlidir. Hazırlıq qrupları yaradılmış ali məktəblərin rektorlarının da üzərinə ciddi vəzifələr düşür.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli
Təhsil eksperti Kamran Əsədov deyir ki, Təhsil haqqında Azərbaycan Respublikası qanuna təklif olunan dəyişikliklər təhsil nazirliyinin orta məktəblərdə bu ildən etibarən geniş şəkildə tətbiq edilməsini nəzərdə tutduğu təmayül siniflərinə ziddir:
“Belə ki, bu təmayül siniflərinin yaradılmasında əsas məqsəd şagirdlərin ali məktəblərə daha keyfiyyətli hazırlığını həyata keçirmək idi. Lakin indi irəli sürülən təklif buna ziddir. Bu məsələ bir neçə müddətdir ki, müzakirə olunur. Lakin hesab edirəm ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmur. İlk növbədə ona görə ki, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul başlayıb. Bundan əlavə, ali təhsil müəssisələri belə hazırlıq qruplarının yaradılması ilə bağlı hazırlığa başlamayıb”.
Ekspert bu qrupların heç də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa getmələrinə mane olmayacağını deyir: “Ona görə ki, hazırlıq qruplarında təhsil alan tələbələr 1 ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcəklər və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansına hüquqi qüvvəyə malik deyil. Bu, dünya təcrübəsində mövcud olan təcrübədir. Mən təklif edirəm ki, bu hazırlıq qruplarında təhsil alan tələbələr bir il sonra qəbul imtahanlarında iştirak edib, həmin universitetlərə qəbul olsalar, yenidən birinci kursdan yox, ikinci kursdan dərsə başlamalıdırlar”.
Təhsil eksperti Kamran Əsədov
K.Əsədov bu təklifin irəli sürülməsində abituriyentlərin deyil, ali məktəblərin mənafeyinin güdüldüyünü hesab edir: “Bu addımın atılmasını zəruri edən amil son illər universitetlərə qəbulun aşağı düşməsi və universitetlərin gəlirlərdən məhrum olmasıdır. Əlbəttə ki, ali məktəblərə qəbul imtahanlarında dəyişiklik edilməsi zəruridir, amma bu, heç də hazırlıq kurs və qruplarının yaradılması ilə həyata keçirilməməlidir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsində 165 minə qədər tələbə təhsil alır. Onların 71 faizi təhsilini ödənişli əsaslarla davam etdirir və universitetlərin hazırladıqları kadrlar o qədər də əmək bazarının tələblərinə cavab vermir. Məhz buna görə də Təhsil Nazirliyinin müəllimlərin diaqnostik imtahanında 40 faizə qədər ixtisası üzrə dərs deyən müəllim zəif nəticə göstərib. Yaxşı olar ki, ali məktəblər kadr hazırlığının keyfiyyətinin artırılması ilə məşğul olsunlar. Əlavə sahələrlə məşğul olmaq onların fəaliyyətinə maneə yaradacaq”.
Təhsil Nazirliyi hələ ki susur. Məsələnin hazırda müzakirə səviyyəsində olduğunu açıqlamaqla kifayətlənib.
Bütün bu müzakirələrdə ən vacib suallardan biri budur; əgər universitetlərə qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmayacaqsa, qurum hansı funksiyanı yerinə yetirəcək? Bu dəyişiklik qurumun fəaliyətini, səlayiyyətlərini çərçivəyə salmayacaqmı? Suallara cavabı zaman verəcək...
Zülfiyyə Qurbanova
www.oxu.az