"Hazırda Azərbaycanda valideynlərin biznes təhsilə marağı ildən-ilə artır".
Bunu Oxu.Az-a açıqlamasında "MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova deyib.
O bildirib ki, "MiniBoss Business School Baku" hər il aprel ayında Startap Forum təşkil edir:
"MiniBoss Business School Baku"nun 5-ci Startap Forumunda iştirak edən komandalar iyunun 14-də baş tutacaq Milli Çempionatda qarşılaşacaqlar.
Bu gün komandalar SIFE ("Startups in Innovative Free Entrepreneurship"), SAGE ("Startups for the Advancement of a Global Environment") kateqoriyalar üzrə öz layihələrini təqdim etdilər. SIFE sərbəst sahibkarlıq istiqamətində yaradılmış, SAGE isə daha çox qlobal və ətraf mühitin inkişafına yönəlmiş layihələrdir. Komandalar münsiflər heyətinə öz layihə ideyalarını səsləndiriblər. Bunun əsasında isə onlar qrantlar qazanıblar. Qazanılan qrantlar vasitəsilə layihələr həyata keçirilir.
Onlar bu gün təqdim etdikləri layihələrini həyata keçirdikdən sonra Milli Çempionatda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Milli Çempionatda isə SIFE kateqoriyası üzrə 3 və SAGE kateqoriyası üzrə üç qalib müəyyən olunacaq. Yəni 22 komanda arasında 6 qalib müəyyənləşəcək".
O qeyd edib ki, bu forumda iştirak edən komandaların sayı hər il artır:
"Şagirdlər belə forumlarda iştirak etməklə fikirlərini sərbəst şəkildə ifadə edirlər. Valideynlər isə akademik təhsildən əlavə övladlarının maliyyə savadlılığının, iqtisadi idarəetmə biliklərinin olmasını istəyir. Bunun xoş hal olduğunu söyləyə bilərəm".
Aygün Mirakif