Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mirzə Laçınov: "Köhnəlmiş nəqliyyat vasitələri təhlükəsizlik baxımından risklər yaradır"
"Yararsız və istismar müddəti bitmiş nəqliyyat vasitələrinin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsi hazırda bütün dünyada ciddi problemlərdəndir".
Oxu.Az xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirildiyi məkana təşkil olunan mediaturda deyib.
O qeyd edib ki, əksər ölkələrdə bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edilir:
"Vəziyyətdən səmərəli çıxış yollarından biri də həmin nəqliyyat vasitələrinin utilizasiyasıdır. Nəqliyyat vasitələrinin utilizasiyası proqramlarının dövlət səviyyəsində həyata keçirilməsi ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bunu zəruri edən əsas səbəb köhnəlmiş və yararsız nəqliyyat vasitələrinin havanın, o cümlədən torpağın və su mənbələrinin çirklənməsində payının artması, onların zəruri ekoloji tələblərə əməl edilmədən pərakəndə utilizasiyası zamanı ətraf mühitə dəyən ziyan, o cümlədən utilizasiya proseslərinin lazımi səviyyədə reallaşdırılmamasıdır".
Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, Bakıda atmosferə atılan zəhərli qazların 75 faizi məhz nəqliyyat vasitələrinin payına düşür:
"Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanılmasını tələb edir.
Köhnəlmiş nəqliyyat vasitələri hərəkət zamanı təhlükəsizlik baxımından da risklər yaradır. Texniki təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələri yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, onların utilizasiyasının dövlət səviyyəsində idarəedilməsi artıq müasir dövrün tələbidir", - deyə M.Laçınov bildirib.
Daha çox foto burada: PhotoStock.az
Murad Həsənov
"Avtomobillərin utilizasiyası" teqi üzrə xəbərlər
- Nəhəng qısqaclarda əzilən avtolar: Utilizasiya prosesi necə və hansı əsasla aparılır?
- Avtomobilini utilizasiyaya verən neçə nəfər ödəniş alıb?
- Hər beş avtomobildən biri istismara yararsızdır: "Nəqliyyat parkının 15%-nin yaşı 10 ilədəkdir"
- Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verildi
- Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI
Rəylər