"Nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi ölkədə məqsədli büdcə fondlarının fəaliyyətinin və büdcə maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi prosesi ilə bağlıdır".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Təmiz Şəhər" ASC-dən verilib.
Bildirilib ki, bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Fərmanından irəli gəlir.
"Qeyd edək ki, nəzərdə tutulan dəyişikliklər mövcud mexanizmlərin ləğvini deyil, onların daha səmərəli təşkili və təkmilləşdirilməsini nəzərdə tutur. Nəzərinizə çatdırırıq ki, nəqliyyat vasitələrinin utilizasiyası proqramının maliyyələşdirilməsində, güzəştlərin və birdəfəlik ödənişlərin verilməsində heç bir dayanma olmayacaq. Proqram fəaliyyətini davam etdirəcək, proseslər isə yeni idarəetmə mexanizminə uyğun şəkildə həyata keçiriləcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Tullantılar haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.