Bakının Sabunçu rayonunun Məhəmmədi kəndinin sakinləri son üç aydır içməli suyun verilməsində yaranan fasilələrdən narazıdırlar.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Şikayətçinin sözlərinə görə, Zabrat-Kürdəxanı şosesi, Məhəmmədi yolu, Aşıq Ələsgər küçəsində yerləşən evlər uzun illərdir 24 saatlıq qrafiklə, hər hansı anbardan istifadə edilmədən birbaşa magistral xətt vasitəsilə suyla təmin olunub.
Lakin son üç ay ərzində günün istənilən saatında, əvvəlcədən heç bir xəbərdarlıq edilmədən suyun verilməsində fasilələr yaranır.
Suyun bəzən 5-6 saat kəsilməsi ciddi çətinliklərə səbəb olur. Xüsusilə evlərdə su çənləri olmadığı üçün qəfil yaranan fasilələr mənfi təsirini göstərir.
"Suyun verilməsi ilə bağlı hər hansı qrafik də tətbiq olunmur. Suyun nə vaxt kəsiləcəyini və nə zaman bərpa olunacağını bilmirik", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.