Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Məlumatda bildirilib ki, sürət həddini yol şəraitinə uyğun seçməyən sürücü və sərnişini faciəni qurbanı olublar:
"Hadisənin ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri də sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamadıqları üçün dərəyə yuvarlanarkən, eləcə də zərbənin təsirindən avtomobildən kənara atılarkən aldıqları xəsarətlər hesab edilir.
BDYPİ yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini daim nəzərə almağa, təhlükəsizlik kəmərini bağlamağa və sərnişinlərin də bu həyat əhəmiyyətli qaydaya qeyd-şərtsiz əməl etmələrinə nail olmağa çağırır.
Unutmayaq! Qayda pozuntusu hüquqi məsuliyyət, onun fəsadları isə heç zaman bərpası mümkün olmayan itkilər doğurur".
Qeyd edək ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.