İrlandiyanın qərbində yerləşən Şennon hava limanında baltalı şəxs ABŞ-yə məxsus 60 milyon dollar dəyərində olan "C-130 Hercules" hərbi-nəqliyyat təyyarəsini yarasız hala salıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri ABŞ prokurorluğuna istinadən məlumat yayıb.
Hadisə aprelin 11-də baş versə də, təfərrüatlar ittiham aktı irəli sürüldükdən sonra bəlli olub.
İstintaqın versiyasına görə, 48 yaşlı İrlandiya vətəndaşı aeroportun ərazisinə daxil olaraq hərbi təyyarəyə girib və qapıları içəridən bağlayıb. Daha sonra o, hidravlik xətləri kəsib, pilot kabinəsindəki avadanlıqları qırıb və hava gəmisinin digər sistemlərinə ziyan vurub.
Şəxs bununla da kifayətlənməyib. O, təyyarənin damına çıxaraq gövdəsini balta ilə zədələyib, yanacaq çənlərinə isə metal kürəciklər töküb. "C-130 Hercules" o qədər ağır zədələr alıb ki, onun bir daha uçuş həyata keçirə bilməyəcəyi bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi hadisə yerindəcə həbs ediblər. Prokurorluğun məlumatına əsasən, o, aeroportun planını və təyyarənin quruluşunu öyrənərək bu hücuma bir neçə ay ərzində hazırlaşıb. Ehtimal edilir ki, irlandiyalı bu hərəkəti ilə ABŞ-nin İrandakı hərbi əməliyyatlarına və İsrailə verdiyi dəstəyə etirazını bildirib. Hazırda onu 10 ilə qədər həbs cəzası gözləyir.