İrlandiya olimpiya üzgüçülük millisinin 78 yaşlı keçmiş məşqçisi Corc Gibni 1970-1980-ci illərdə dörd gənc idmançıya qarşı cinsi zorakılıq törətdiyinə görə Dublin məhkəməsinin qərarı ilə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, Gibni cinsi xarakterli qanunsuz hərəkətlərlə bağlı 39, eləcə də zorlamağa cəhdlə bağlı bir maddə üzrə təqsirli bilinib.
Gibni 1984-cü ildə Los-Ancelesdə və 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında İrlandiya millisinin məşqçisi olub. 1990-cı illərdə onu artıq məsuliyyətə cəlb etməyə çalışıblar, lakin məhkəmə cinayət məsuliyyətinə cəlbetmə müddətinin bitdiyini hesab edib. Bundan sonra məşqçi əvvəlcə Şotlandiyaya, daha sonra isə ABŞ-yə köçüb.
2020-2022-ci illərdə isə cinayətlər törədilən zaman yetkinlik yaşına çatmayan dörd zərərçəkən polisə ifadə verib. 2025-ci ildə Gibni İrlandiyaya ekstradisiya olunub.