“Hesab edirəm ki, inkişaf etmiş ölkə olan Böyük Britaniya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq, fəal təcrübə mübadilələri üçün kifayət qədər imkanlar mövcuddur. Bununla əlaqədar olaraq, ƏƏSMN tərəfindən əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair nümunəvi saziş layihəsi hazırlanaraq bir sıra ölkələr kimi, Böyük Britaniyanın da aidiyyəti dövlət qurumuna göndərilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşdə bildirib.
Səfir iki ölkə arasında əməkdaşlığın əmək, məşğulluq və sosial müdafiə sahələrini də əhatə etməsinin məqsədəuyğun olduğunu, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu məqsədlə onun tərəfindən lazımi səylərin göstəriləcəyini vurğulayıb.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ülviyyə R.Əli
www.oxu.az