Təhsil naziri Mikayıl Cabbarov son günlər Azərbaycanın ali təhsil müəssisələrində imtahan qaydalarının dəyişməsi ilə bağlı etirazlara aydınlıq gətirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, imtahanın formasından asılı olmayaraq onların hər biri şəffaf və obyektiv keçirilməlidir.
Onun sözlərinə görə, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsində hansısa qanun pozuntusuna yol verilməsi ilə bağlı məlumatı varsa, bunun araşdırılması üçün nazirliyə müvafiq müraciətlər etməlidir:
“Təhsil Nazirliyi olaraq biz tənzimləyici qurum kimi müvafiq qərarlarımızı və cəzalarımızı verməyə hazırıq. İmtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamalıdır. İmtahan forması şifahi şəkildədirsə, obyektiv, digər formalardadırsa, qeyri-obyektiv kimi təqdim edilməsi ən azı sadəlövhlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır”.
Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasətə gəlincə, nazir qeyd edib ki, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır.
Təhsil Nazirliyi tərəfindən bu məsələdə mövqeyin birmənalı olduğunu deyən M.Cabbarov bildirib ki, bu, həm təhsil verənlərə, həm də təhsil alanlara aiddir: “Qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Qanun pozuntuları olarsa, bütün tədbirlərin, cəzaların tətbiq olunması təmin olunacaq”.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universitetinin tələbələri imtahanların yazılı formada keçirilməsinə etiraz edərək aksiyalar keçiriblər.
Həmçinin nazir Azərbaycanda 12 illik təhsilə keçidlə əlaqədar tətbiq olunacaq yeniliklər və qaydalar barədə də danışıb.
Onun sözlərinə görə, bu təhsil sisteminin hazırkı təhsil sistemindən əsas fərqi məcburi təhsil alma müddətinin 10 il olmasıdır:
“Öz təhsilini ali təhsil sistemində davam etdirmək istəyən şagirdlərə son 2 ildə müəyyən fənlərin dərindən öyrədilməsi planlaşdırılır.
Bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. Belə ki, əgər hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçirilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq. Bu da ali təhsilalma müddətində tələbələrə məhz öz seçdiyi ixtisaslara daha dəqiq yiyələnmək üçün müvafiq ixtisas fənlərini seçərək püxtələşmələrinə imkan verəcək”.