Yaxın 4-5 gün ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçməsi proqnozlaşdırılır.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bu müddət ərzində günorta saatlarında havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-40 dərəcə intervalında dəyişəcək:
“İqlim normaları ilə müqayisə etsək, havanın temperaturunun normadan beş dərəcəyə kimi yüksək olması deməkdir. Axşama doğru cənub-şərq istiqamətli küləyin üstünlüyü gözlənilir. Buna görə də havada rütubətlilik artacaq ki, bu da istilik effektini daha da kəskinləşdirəcək. Meteohəssas insanlar üçün bu cür hava əlverişsizdir. Bu səbəbdən onlar uzun müddət çöldə qalmamalıdırlar”.
Nazirlik rəsmisi qeyd edib ki, son 15-20 il ərzində dünyada yay aylarında şimal yarımkürəsi üzrə anomal isti dövrlər daha uzunmüddətli olur:
“Bu da iqlim dəyişikliyinin təzahürlərindən biridir. Azərbaycanda aparılan araşdırmalar göstərir ki, yay aylarında isti günlərin 35 dərəcədən yüksək davam etməsi 1990-ci illərlə müqayisədə xeyli artıb. Biz düşünürük ki, bu yay da bu tendensiya davam edəcək”.
Umayra Tağıyeva çimərliklərə gedən insanlara xəbərdarlıq edib:
“4-5 gün ərzində külək mülayim olacaq. Dəniz suyunun temperaturu 24 dərəcədən 26 dərəcəyə kimi yüksələcək. Biz anomal isti ilə əlaqədar əhaliyə xəbərdarlıq etməliyik ki, günorta saatlarında temperaturun 35-40 dərəcəyə kimi yüksəlməsi zamanı onlar müəyyən fəsadlarla qarşılaşa bilərlər.
Günorta saatlarında birbaşa günəş altında olmaq risklidir. Bunu dənizə gedənlər bilməlidirlər. Səhər saat 11-dən axşam 17:00 kimi günəşdən qorunmaq lazımdır”.
İlhamə Əbülfət
www.oxu.az