Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nə suçiçəyidir, nə də koronavirus: Dünyada sürətlə yayılan meymunçiçəyinə kimlər yoluxa bilərlər?
Meymunçiçəyi xəstəliyi dünyada yenidən tüğyan edir və qonşu ölkələrdə də müşahidə olunub. Rusiyada bu xəstəliyə iki nəfər yoluxub. Xatırladaq ki, meymunçiçəyi xəstəliyi dünyada 2022-ci ildən yayılıb. Bu dövr ərzində Azərbaycanda yoluxma halları qeydə alınmayıb. Ümumilikdə isə dünyada 167 ölüm hadisəsi baş verib. Hazırda dünya ölkələri yenidən həyəcan təbili çalırlar.
Bəs Azərbaycan üçün meymunçiçəyi nə qədər risklidir? Qonşularımızdakı təhlükə ölkəmizə də gələ bilərmi? Özümüzü bu bəladan necə qoruyaq?
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirir ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir: "Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır".
O, xəstəliyin gizli dövrünün adətən 5-21 gün olduğunu və ilkin dövrdə qızdırma, baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, kataral və mədə-bağırsaq əlamətləri müşahidə olunduğunu bildirib. Qızdırmadan 1-3 gün sonra xarakterik qovucuqlu səpgilər yaranır. Əsas risk qrupları hamilə qadınlar və immundefisitli şəxslərdir. İnfeksiyanın profilaktikası gigiyenik qaydalara əməl olunması və vaksinasiya tədbirlərindən ibarətdir.
Nazirliyin rəsmisi bildirib ki, ölkəmizdə bu infeksiyaya yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə, vaksinlər az miqdarda istehsal olunur və yalnız endemik ölkələrə paylanılır.
İnfeksionist Vasif Əliyev isə qeyd edib ki, xəstəlik qlobal xarakter daşıdığından bütün ölkələr təhlükə altındadır. "Meymunçiçəyi Afrikada artıq iki ildir mövcuddur və 2022-ci ildən etibarən digər dövlətlərdə də yoluxmalar müşahidə edilir. Bu səbəbdən Azərbaycan da risk qrupuna daxildir" , - deyə V.Əliyev əlavə edib.
V.Əliyev meymunçiçəyini digər xəstəliklərlə müqayisə edərək bildirib: "Meymunçiçəyi xəstəliyinin əlamətləri vezikulyar səpkilərdir. Hansı ki, bu səpkilər suçiçəyinə bənzəyir. Amma ondan ölçü cəhətdən daha böyük olur. Həmçinin yerləşdiyi yer də fərqlidir. Daha çox ətraflarda, qollarda, ayaqlarda, üzdə görülür. Gövdədə o qədər də olmur. Eyni zamanda əl və ayaq içlərində, ovucda bu cür yaralar görülə bilir. Bu xəstəlikdə də yüksək hərarət olur. Amma koronavirusdan fərqlənir. Çünki koronavirus daha çox tənəffüs yollarından keçirdi. Meymunçiçəyində isə dəri səpkiləri olur. Oxşar xüsusiyyətləri isə insandan insana keçməsidir. Meymunçiçəyi siçan və sincablardan da insana yoluxa bilir".
İnfeksionistin fikrincə, bu xəstəlikdən çiçək peyvəndi ilə qorunmaq olardı, lakin insanlar peyvənd olunmurlar: "Konqodan verilən statistikaya görə, bu xəstəlikdən ölüm riski beş faizdir. Daha əvvəl çiçək peyvəndi olunmuş şəxslər 85 faiz ehtimalla bu xəstəliyə qarşı da qorunmuş olur. Çünki meymunçiçəyi də həmin xəstəliklər ailəsinə daxildir. Sadəcə, burada bir məqam var ki, 1980-ci illərdən bəri çiçək virusuna qarşı peyvəndləmə aparılmır. O baxımdan həmin ildən sonrakı nəslin nümayəndələri risk qrupuna daxildir. Xüsusilə də azyaşlı uşaqlar və xroniki xəstəliyi olan insanlar bu xəstəliyi daha ağır formada keçirə bilərlər. Ağırlaşmalar və ölüm səbəbləri pnevmoniya, sepsis, ensefalit, görmənin zəifləməsi mümkündür".
Həkim vətəndaşlara tövsiyələrini də verib: "Suçiçəyi səpkilərinə bənzər səpkiləri, hərarəti olan, xüsusilə də səyahət etmiş insanlar mütləq şəkildə həkim müayinəsində olmalıdırlar. Meymunçiçəyi xəstəliyindən şübhələnilirsə, ilk olaraq test aparılmalı, xəstəyə diaqnoz qoyulmalıdır. Diaqnoz qoyulduqdan sonra həmin şəxsin digər insanlarla təmasının qarşısı alınmalıdır. Risklərdən qorunmaq üçün təmas lokallaşdırılmalıdır. Yəni, xəstə izolyasiya olunmalıdır".
"Meymunçiçəyi virusu" teqi üzrə xəbərlər
- Ölkədə qızılcaya yoluxma halı ilə bağlı vəziyyət necədir?
- Meymunçiçəyi daha təhlükəli oldu: Hava-damcı yolu ilə də yayıla bilər
- ÜST-nin meymunçiçəyinin kəskin yayıldığı Afrikadakı regional direktoru qəfil öldü
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- ÜST: "Meymunçiçəyi xəstəliyi ilə əlaqədar fövqəladə vəziyyət rejimi uzadıldı"
Rəylər