Moskvanın ən dəbli meydançasında – “Çayka” restoran-yaxtasında “MODA topical” jurnalının və onun baş redaktoru Oksana Fyodorovanın təsis etdiyi “2016-cı ilin sıçrayışı” illik mükafatının laureatlarının mükafatalandırma mərasimi keçirilib.
Mükafat artıq altıncı dəfədir Rusiyada bu ilin ən parlaq və uğurlu şəxsərinə təqdim edilib. Onların arasında bizim həmvətənimiz, “Xeyirxah işıq” Akademiyasının və Mədəniyyət üzrə Beynəlxalq Qadın Şurasının prezidenti, UNCOPA-nın sülh missiyasının səfiri, Rusiya Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru Nuridə Qurbanova da olub.
Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, N.Qurbanova “Gələcəyə baxış” nominasiyasında mükafata layiq görülüb. O, Rusiya KİV-lərinə çoxsaylı müsahibələr verərək mükafata görə minnətdarlığını bildirib.
Gecənin aparıcısı Lera Kudryavtseva olub. Yuri Nikolayev, Yelena Letuçaya, Aleksey Vorobyov, MOT, Yuliana Karaulova, Anastasiya Samburskaya, Natalya Podolskaya, Stas Kostyuşkin, Yekaterina Klimova, Yuliya Baranovskaya, Mitya Fomin, İqor Vernik və başqaları mədəniyyət, incəsənət və ictimai həyat sahələri üzrə müxtəlif nominasiyalarda laureat olublar.
N.Qurbanova Azərbaycanın Qarabağ torpağında, Şuşa şəhərində anadan olub. O, “Xeyirxah işıq” Akademiyasının və Mədəniyyət üzrə Beynəlxalq Qadın Şurasının prezidenti, fəlsəfə elmləri doktoru, Rusiyanın enerji informasiya elmləri namizədi, Moskvada Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki, komplementar tibb sahəsinin ən yüksək mükafatı olan “Magistr Ulduzu” ali mükafatının sahibi, M.Nostradamus adına Proskopik Elmlər Akademiyasının (NPEA) “Elmin və təcrübənin metri” adının sahibidir.
UNCOPA-nın sülh missiyasının səfiri ictimai sülhməramlı fəaliyyət çərçivəsində Rusiya, Ukrayna, İsveç, Norveç, Bolqarıstan və digər ölkələrə səfər edib. Onun fenomenal qabiliyyəti “ENİOM” Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib.
N.Qurbanova elmi fəaliyyəti ərzində bir sıra yüksək beynəlxalq mükafatlara, orden və medallara layiq görülüb.
A.S.
www.oxu.az