Aqşin Yenisey yazır...
İradə şüurun onurğasıdır. Oblomov iradəsindən imtina etmişdi. Gələcəyini, aqibətini gördüyü, dərk etdiyi, nə etməsindən asılı olmayaraq, bir gün bütün həyatının yenidən sıfırlanacağından əmun olduğu üçün iradəsindən üz çevirmişdi. Ölümündən öncə ölmüşdü. Oblomov iradənin nəyə lazım və nəyə qadir olduğunu bilsə də, həyatla döyüşdə bəri başdan təslim olub, özünü çürüməyən meyit kimi aparırdı. Oblomov həyata məğlub olmamışdı, döyüşsüz təslim olmuşdu.
O, özünü mübarizəsiz-filansız hər şeyin varacağı son nöqtədə gördüyü üçün varlığını məntiqin konkretliyi ilə mumiyalamışdı. Oblomov Maleviçin “Qara kvadratı”nın başqa, kvadrat olmayan forması idi; gec-tez bütün tabloların başına gələcək son aqibət, qara bir boşluq.
Oblomov insanlığın olmaması gərəkən halı idi. İnsanlıq ona baxıb ona oxşamamağa çalışmalıydı. O, pis nümunə kimi nəzərdə tutulmuşdu.
Həyat əvvəl və son, ağ və qara, xeyir və şər arasında yaşanan vəhşi bir tərzdir. Həyat bu ikişərliyin arasındakı insanın kimisinə görə başına gələn, kimisinə görə də öz başına gətirdikləri macəralardan, yəni çoxhekayəlilikdən, çoxsəslilikdən ibarətdir.
Macəra – iradənin müəllimidir. Oblomov hansından imtina etmişdi: macəradan, yoxsa iradədən? Məncə, macəradan. Çünki macəradan imtina etdikdə iradə öz-özünə sükunətə çevrilir.
Macərası olmayan insanın iradəsi də olmur. Bir xalqın, dövlətin tarixi də onun yaşadığını sübut edən macəralardır. Macərası olmayan xalq tarix yoxsuludur. Macərası olmayan sevginin eşq əfsanəsi olmaq şansı yoxdur. Mən macəra ehtirası ilə iradə anlayışı arasında bir bağlılığın olduğunu düşünənlərdənəm.
İradə nədir? İradə - öz əmrlərimizə tabe etdirdiyimiz başqa bir özümüzük. Onu ana doğmayıb.
İradənin valideyni onu özündə yarada biləndir. Bir çox insan, daha doğrusu, lap çox insan iradədən məhrumdur. Milyonlarla, bəlkə milyardlarla insan Oblomov olmasa da, Txit Kuanq Dık da deyil (Dık haqqında bir azdan).
Çoxları, hətta bəzi məşhur elm adamları da iradəni inancdan güc alan ruhani bir qeyrət adlandırırlar. Yəni onun şüurdan deyil, alt şüurdan güc aldığını iddia edirlər. Alt şüur, bildiyimiz kimi, avtonomdur, qərarlar onda hazır vəziyyətdədir, münasib anda qəbul edib şüura ötürür. Alt şüurun ötürdüyü bu hazır, həm də bizim həyatla heç bir əlaqəsi olmayan qərarları həyata keçirib-keçirməmək şüurun ixtiyarındadır. Əgər şüur alt şüurdan güclüdürsə, ona nəzarət edə bilir, zəifdirsə, alt şüur nə çalırsa, şüur, yəni insan da ona oynayır. Cahil insanlar özlərinin, geridə qalmış millətlər isə tarixlərinin alt şüurdan ötürülən qərarlarına inanır və əməl edirlər.
İnstinktiv və reflektiv reaksiyalar iradədən doğan davranışlar deyildir; bu cür davranışlar daha çox bioloji özünümüdafiə hissinə bağlıdır.
“Sonunu düşünəndən qəhrəman olmaz” düşüncəsi alt şüurun hökmüdür. Alt şüur vəziyyətə uyğun hansı qərarı ötürürsə, şüur onu həyata keçirir. Alt şüur “öldür” desə, öldürəcək, “qaç, gizlən” desə qaçacaq. Çünki qəhrəmanlıqla yanaşı, qorxaqlıq da alt şüurun nökəridir.
Biz iradəni şüurun əsgəri kimi gözdən keçiririk. İradə anında yaranan reflekslər deyil. İradənin hərəkətə keçməsi üçün zaman lazımdır, riyaziyyat, məntiq, ölçü-biçi lazımdır. İradə bir strateqdir, ağırtaxtalı sərkərdədir, uzaqgörən liderdir. İradə həmişə sonunu düşünəndir. Onun qəhrəmanlığının hədəfi gündəm deyil, tarixdir.
İradənin valideyni şüur olsa da, dayəsi ağıldır. Çünki heyvanlarda az-çox şüur olsa da, iradə yoxdur. İnsanı heyvandan fərqləndirən azsaylı üstünlüklərdən biridir iradə. Heyvan özünə lazım olacaq qədər şüura sahib olmasına baxmayaraq, bu şüuru ağıla, düşüncəyə çevirə bilmir.
İnsanda alt şüur nədirsə, heyvanda da şüur odur: instinktləri, vərdişləri, təlqinləri idarə edir.
İnstintklər (qorxu), vərdişlər (qidalanmaq) və təlqinlər (ataya oxşamaq) insanda alt şüurun sərəncamında olan davranışlardır.
Şüurunu ağıla, ağlını iradəyə çevirməyin özü də hər insana xas olan istedad deyil. “Eşşək gəlib, eşşək gedəcək bu dünyadan” ifadəsində nəzərdə tutulan şey eşşəklə eyniləşdirilən adamda şüur-ağıl-iradə üçlüyü arasında əlaqənin olmamasına işarədir. Bütün insanlar bioloji olaraq dünyaya “eşşək” gəlir. Sonradan valideynlərin, cəmiyyətin iştirakı ilə insana çevrilir. Vay o körpənin halına ki, dünyaya “eşşək” gələ və elə “eşşəklərdən” ibarət ailədə, cəmiyyətdə böyüyə.
Şüur-ağıl-iradə düsturundan da göründüyü kimi, şüurdan ağıla, ağıldan iradəyə qədərki mərhələ uzunmüddətli bir prosesdir və hər insan bu yolu axıracan getməyə həvəsli deyil. Çox insan bir az şüur, bir az ağıl və diş ağrısına dözəcək qədər iradə ilə qane olur. Görməli olduğu, ancaq görməyə ərindiyi işləri özünə zorla gördürən insandır iradəli insan.
Yuxarıda adını çəkdiyim Txit Kuanq Dık belə insanlardan idi. Bu buddist rahibin iradəsinin gücü Cənub-Şərqi Asiya xalqlarının miskin taleyini qürurlu bir tarixə çevirdi. Biz onun 1963-cü ildə təşkil etdiyi müdhiş və qorxunc aksiyanı qısaca təsvir etməklə şüur-ağıl-iradə üçlüyünün nəyə qadir olduğunu göstərməyə çalışacağıq.
Qərbin cənubi Vyetnamda hakimiyyətə gətirdiyi, amerikalıların “Asiyanın Çörçilli” dedikləri Nqo Din Zem katolik olduğu üçün buddistlərə nifrət edirdi. Din Zem hakimiyyətə gələr-gəlməz buddistlərin məbədlərini dağıtdırdı, dini mərasimlərini qadağan etdi, etiraz edən buddist nümayişlərini əl qumbaraları ilə qan gölünə çevirdi.
Burada bir haşiyə çıxaq. Şərq sufi fəlsəfəsinin ulu babası olan Buddizm ilahi iradəni deyil, insani iradəni əsas götürür. İnsan yalnız öz iradəsi hesabına mütləq həqiqətə çata və onun bir tanığına çevrilə bilər.
Rahib Dık Qərbin qorxusundan bütün dünyanın göz yumduğu Din Zemin buddist qətliamlarına son qoymaq üçün iradənin gücündən istifadə etmək qərarına gəldi. 1963-cü il 10 iyun səhəri iki rahib dostu ilə Sayqondakı Kamboca səfirliyinin önünə gəldi. Rahiblər əvvəlcədən burada aksiya keçirəcəklərini bildirsələr də, Zem hökumətinin buddistlərə qarşı amansızlığı Qərbin marağında olmadığı üçün hadisə yerində cəmi iki jurnalist var idi.
Buddist Dık kiçik meydanda bardaş qurub oturdu və iki dostu əllərindəki qablarda olan benzini onun başına töküb geri çəkildilər. Dık əlindəki kibritlə özünə od vurdu və tükünü belə tərpətmədən diri-diri yanıb kül oldu. Onun əvəzinə ətrafdakılar özlərini itirib, dəli kimi qaçmağa, yıxılmağa, boğulmağa başladılar.
Səhəri gün oradakı iki jurnalistdən birinin çəkdiyi şəkildə lal-dinməz oturub alovlar içində yanan Dık dünyaya insan iradəsinin nəyə qadir olduğunu göstərdi. Diri-diri və könüllü yanaraq kül olan bu iradə onun ölkəsinin həyatını dəyişdi.
Rahib Dık “sonunu düşünməyən qəhrəman” deyildi, əksinə, o, hətta cınqırını belə çıxarmadan diri-diri yananda da sonunu düşünürdü. Onun sonu ölkəsinin yeni bir başlanğıcı oldu, halbuki dini inancı ona iradə əzmi ilə yanaşı, həm də hər şeydən imtina edib Oblomov kimi xoşbəxtliyi tənbəllikdə tapmağa icazə verirdi.