Bizim cəmiyyətin müəyyən bir hissəsinin (o hissəsi ki, onları cəmiyyətin mütərəqqi hissəsi adlandırmaq olar) burnunun ucunda baş verənlərdən xəbəri yoxdur.
Daha dəqiq desək, təhlükə zamanı başını quma salan dəvəquşu kimi, kənar problemləri özlərindən uzaqlaşdırıb, oxşar baxışları olan insanların əhatəsində olmaqla, bunlar haqqında heç nə bilmək istəmir.
Ancaq, təəssüflər olsun ki, problemə diqqət ayırmaqdan qaçdığımıza görə daha ciddi xarakter alır. Cəsarətlə deyə bilərəm ki, bu kiçik insan qrupunun hüdudlarından kənarda əcaib və bəzən qorxulu hadisələr baş verir.
Son bir neçə gündə gündəmi zəbt edən, Bakı məktəblərindən birində baş vermiş seks qalmaqalı toxunmalı olacam. Xatırladım ki, söhbət hansısa əclafın çəkdiyi 12 və 16 yaşlı məktəblilər arasında olmuş cinsi əlaqənin görüntüsündən gedir.
Hadisəni əxlaqi prizmadan qiymətləndirmək fikrində deyiləm. Belə ki, başqaları barədə mühakimə yürütməyə haqqım olmadığını düşünürəm. Heç kim səhv etməkdən sığortalanmayıb. Ancaq bəzilərinin reaksiyası məni o dərəcədə heyrətləndirdi ki, buna biganə qala bilmədim.
Yeniyetmə qızın ünvanına deyilən gözlənilən ittihamlardan savayı, cəmiyyətin əxlaq dəyərlərinin puç olduğu ilə bağlı zəhlətökən fikirlərdən savayı, (əslində, bu mövzuda ən çox elə bu parçalanmada fəal rol oynayan şəxslərin səsi ucadan gəldi), çürük qarğışlardan, ah-nalələrdən, monitor arxasında sinəyə döymələrdən savayı, bir sıra “maraqlı” fikirlər də səsləndi.
Xüsusilə, Azərbaycan dövlət bayrağı fonunda məğrur şəkildə poza verən bir “Facebook” istifadəçisi baş verən hadisəni belə şərh edib:
“Boş-boş sözlər. Qızlar ailəyə daha çox problem gətirir. Qızların selektiv abort yolu ilə məhv edilməsi düzgün şeydir. Beləcə, biz cəmiyyəti çoxsaylı problemlərdən azad edə bilərik”, – deyə insan adlandırmağa belə adamın dili gəlmədiyi bir fərd “dərin düşüncəli” fikrini ifadə edib.
Görünür, bu fərd dünyaya parçalanma və ya klonlaşdırma yolu ilə gəlib və inkubatorda böyüdülüb. Onun qadın cinsinə qarşı nifrət dolu fikirlərinə başqa cür izah etmək olmaz. Burada kiçik bir statistikaya üz tutmağımız yerinə düşər.
İyirmi bir ölkə, o cümlədən Çin, Hindistan, Vyetnam, Şimali Koreya, Yaponiya, Ermənistan, Azərbaycan, Gürcüstan, Filippin, Liviya, Serbiya, Avstriya, Kuba, İtaliya, Portuqaliya, İspaniya və b. ölkələrdə selektiv abortlar həyata keçirilir, sadəcə, cinsinə görə qız uşaqları öldürülür.
Avropa Şurasına üzv dövlətlərdə, Ermənistan, Azərbaycan və Gürcüstanda, bəzi Balkan ölkələrində, başlıca olaraq Albaniyada, az miqdarda Monteneqro və Kosovada yeni doğulan körpələrin təhrif olunmuş nisbəti qeydə alınıb.
Qərbi Avropada belə hallara əhalinin miqrant əsilli təbəqəsi arasında rast gəlmək olar. Geniş yayılmış bir fikir var ki, balansın olmaması qadın cinsinə aid embrionların selektiv abortu ilə əlaqədardır.
Adətən, doğuş zamanı cinslərin nisbəti 100 qıza 102-106 oğlan təşkil edir. Avropa Şurası Parlament Assambleyası bəzi üzv dövlətlərdə cinslərin təhrif olunmuş nisbət səviyyəsi ilə bağlı həyəcan təbili çalıb.
Hesabatda göstərilən rəqəmlər BMT-nin Əhali fondunun (UNFPA) sifarişi ilə hazırlanıb. Həmin rəqəmlərə görə, Ermənistanda bu göstərici 114-115/10 , Azərbaycanda isə 116/100 nisbətindədir.
Bundan savayı, hesabatda Albaniya, Monteneqro, Kosova və Makedoniyada 110 nisbətini ötən səviyyələr qeyd olunur.
Ölkəmizin hamiləlik dövründə öldürülən qız uşaqlarının sayına görə Avropada liderlik etməsi təəssüfləndirici haldır. Demoqrafik vəziyyətdən aydın olur ki, balansın yaranması üçün dünyada 200 milyona yaxın qadın azlıq təşkil edir.
Təkcə son 20 il ərzində abortlar nəticəsində 100 milyona yaxın uşaq qız olduğuna görə öldürülüb. Bu, məhdudiyyətsiz şəkildə abort etdirmək imkanının olması ilə əlaqədardır.
Belə ki, bəzi cütlüklər məhz oğlan uşağı dünyaya gətirmək istəyir və gələcək uşağın cinsini öyrəndikdə, hamiləliyin müdaxilə yolu ilə dayandırılmasını tələb edir, necə ki bunu yuxarıda statusu göstərilən “qəhrəman” tövsiyə edir.
Sirr deyil ki, qızlara olan belə münasibət bir çox hallarda dəhşətli cinayətlərə yol açır.
Hesab edirəm ki, çoxları ötən ilin yay aylarında Lənkəran rayonunda baş vermiş tükürpədici faciəni xatırlayır. Nuriyeva Mələk – 6 günlük körpə doğma nənəsi tərəfindən vəhşicəsinə öldürülmüşdü. O, yeni doğulmuş nəvəsinin ürəyinə biz batıraraq onu quyuya atmışdı.
Qadın bu hərəkətlərini onunla izah edib ki, Mələk ailədə doğulan ikinci qız olub, uşağın atası isə soyunu davam etdirəcək varisin doğulmasını istəyib. Sən demə, öldürülmüş körpənin anası bundan əvvəl ikinci və üçüncü hamiləliyini də selektiv abort yolu ilə dayandırıb.
Bir neçə il əvvəl bir tanış həkimim mənə bir neçə aydan bir hamilə vəziyyətdə onun yanına ultrasəs müayinəsinə gələn və gələcək uşağın qız olduğunu öyrəndikdən dərhal sonra aborta yazılan bədbəxt, haldan düşmüş və xəstə qadınlar haqqında danışıb.
Bu qadınlar özlərinə niyə bu qədər zülüm edir, hamiləliyə qarşı vasitələrdən istifadə etmək və ya sadəcə, analıq borularını bağlamaq daha asan deyilmi?! Ancaq onların çoxu bu suala belə cavab verir: “Mən oğlan – varis istəyirəm. Ərim bunu tələb edir”.
Bu ataların arzuladıqları oğlan övladlarına nəyi miras saxlamağa hazırlaşdığı çox müəmmalı məsələdir. Nəyi miras saxlayacaqlar? Kəmağıllığı? Primitiv instinkt və təsəvvürlərini? Qadının layiqsiz, çirkin, əxlaqsız varlıq olduğu düşüncəsini? Belə valideynləri olan oğlanların böyüyüb kim olacağını biləndə adamın tükləri biz-biz olur.
Aydın məsələdir ki, aqressiv şəkildə selektiv abortu dəstəkləyən, qız uşaqlarını – gələcək ana və qadınları öldürən kəslər böyüyəcək. Amma belələri, əslində, qadın tərəfindən dünyaya gətirildikləri və gələcək “varislərini” dünyaya gətirmək üçün qadınla evlənməli olacaqları faktını unudacaq.

Aliyə İsmayılzadə
www.oxu.az