Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonu ərazisində keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Biləsuvar rayon sakini, 1960-cı il təvəllüdlü Mirzəyev Təvəkkül Korus oğlunun idarə etdiyi 90 KB 530 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomaşın yoldan çıxaraq, dərəyə aşıb. Maşın təmir sexinin həyətindəki ayaqyolunu uçurub.
Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Onun sərnişini, 1964-cü il təvəllüdlü Bayramova Yeganə Eldar qızı və qəza zamanı ayaqyolunda olan 1963-cü il təvəllüdlü İlqar İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Y.Bayramovanın vəziyyəti orta ağırdır.
İ.İbrahimov isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Hadisənin şahidi maşının sürətlə hərəkət etdiyini və yoldan çıxaraq dərəyə yuvarlandığını deyir.
“Maşın uçub həyətdəki ayaqyolunun üstünə düşdü. Gedib qəzaya uğrayanlara kömək etdik, bir qadın vardı, onu çıxardıq. Sonra dedilər, ayaqyolunda adam vardı, onun üstünə 20-30 mişardaşı düşmüşdü. Daşları kəsib adamı çıxardıq, daha sonra xəstəxanaya göndərdik”.
Qeyd edək ki, qəza ailənin Qusarda yerləşən “N” saylı hərbi hissədə qulluq edən övladlarını ziyarət etmək üçün getdikləri zaman baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.