Oğuz şəhərinin mərkəzi küçələrindən birində yaranan antisanitar vəziyyət rayona gələn turistlərin də diqqətini çəkib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, şəhərin səfalı ərazilərindən biri hesab olunan M.F.Axundov küçəsində yaşayan bəzi sakinlər məişət tullantılarını birbaşa çaylaq ərazisinə atıblar.
Şikayətdə qeyd olunub ki, ərazi uzun müddətdir tullantıların toplandığı məkana çevrilib.
"Üfunətdən nə çaylaq ərazisindən, nə də küçədən keçmək mümkündür. Təbiətin bu qədər gözəl mənzərəyə malik hissəsinin bu vəziyyətə salınması anlaşılan deyil", - deyə müraciətdə vurğulanıb.



Oxu.Az-ın əldə etdiyi məlumata görə, müraciətdən sonra polisin müşayiəti ilə aidiyyəti qurumun əməkdaşları əraziyə cəlb olunublar. Görülən tədbirlər nəticəsində sözügedən ərazidə hökm sürən antisanitar vəziyyət tamamilə aradan qaldırılıb.




