Sabahdan üzərindən 6 ay keçmiş vaksin pasportları etibarlı hesab edilməyəcək.
Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən qüvvədən düşür.
Bu o deməkdir ki, fevralın 15-dən yaşı 18-dən yuxarı olan həmin vətəndaşlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.), mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklərə daxil ola bilməyəcəklər.
Mütəmadi olaraq əhali arasında vaksinasiya prosesi ilə bağlı təbliğat aparılır. Bəs görəsən dövlət qurumlarının əməkdaşları vaksinin 3-cü dozasını vurublarmı?
Oxu.Az mövzu ilə əlaqədar ünvanladığı sorğuların cavablarını təqdim edir:
İlk olaraq sualımızı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) nümayəndəsi Elnarə Baxış cavablandırıb.
O bildirib ki, vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB əməkdaşları buster doza ilə vaksin olunanlar sırasındadırlar:
“Bu günə kimi TƏBİB əməkdaşlarının böyük əksəriyyəti buster doza qəbul ediblər”.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, nazirliyin bütün əməkdaşları vaksinasiya strategiyası çərçivəsində qüvvətləndirici-buster dozanı qəbul ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli buster dozanın vurulması ilə bağlı sualımıza cavab olaraq bildirilib ki, əməkdaşların vaksin pasportunun etibarlılıq müddəti bitdikcə buster doza vurdururlar:
“İşçilərimizin hər biri ən azı 2 doza vaksin olunub. Vaksin pasportunun üzərindən 6 ay vaxtı keçənlər də buster doza vurdurur. Artıq bu vaxtı tamam olmuş əməkdaşların əksəriyyəti buster doza və ya 4-cü doza vurdurub”.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirib ki, qurum əməkdaşları arasında buster dozanın vurulması ilə bağlı problem yoxdur:
“Vaksin pasportunun etibarlılıq müddəti bitənə yaxın virusa yoluxanlar olur. Amma buna baxmayaraq vaksinasiya strategiyasına müvafiq olaraq zamanı çatdıqca buster doza vurulur”.
Baş Prokurorluqdan bildirilib ki, ölkəmizdə həyata keçirilən vaksinasiya strategiyası çərçivəsində prokurorluq orqanlarının xüsusi rütbəli, dövlət qulluqçusu olan və dövlət qulluqçusu olmayan əməkdaşları (əks-göstəriciləri olan şəxslər istisna olmaqla) könüllü şəkildə peyvənd vurdurmaqla bu günədək I doza üzrə 97%, II doza üzrə 95% və buster doza ilə 61% əməkdaş vaksin olunublar:
“Prokurorluq işçilərinin peyvənd olunması diqqət mərkəzində saxlanılmaqla, koronavirus xəstəliyi keçirmələri ilə əlaqədar peyvənd olunmayan işçilərin I və II doza, həmçinin hər iki dozanı qəbul etmiş əməkdaşların buster doza ilə peyvəndlənmələri davam etdirilir”.
Sorğu ünvanladığımız bir sıra qurum və nazirliklərdən isə cavab ala bilmədik.
Könül Cəfərli