Pakistanda ailələrdən birində cehizsiz qaldıqlarına görə ərə gedə bilməyən dörd bacı eyni vaxtda intihar ediblər.
Oxu.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Qadınlar ailələrində baş vermiş qalmaqaldan sonra intihar ediblər – onların atası, kasıb fermer cehizə pulu çatmayacağını bildirib.
Hadisənin baş verdiyi Pəncab ştatının polis nümayəndəsi bildirib ki, fermerin həqiqətən də beş qızını ərə vermək üçün pulu olmayıb. Bu mövzuda baş vermiş növbəti mübahisədən sonra yaşları 31 – 45 arası olan beş bacı birlikdə özlərini suvarma kanalına atıblar.
Yerli sakinlər sudan yalnız ən kiçik qızı çıxara biliblər, digərləri həlak olublar.
Qeyd edək ki, Hindistan və Pakistanda qızların cehizlə təmin olunması kasıblar üçün çox ciddi məsələdir. Bəylərin o qədər də varlı olmayan ailələri də çox az hallarda cehizi olmayan qızı alırlar.
Bu ölkələrdə qadınlar adətən çox erkən ərə gedirlər, buna görə də, 30 yaşdan sonra qızların özlərinə ər tapması qeyri-mümkün işə çevrilir.