Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən yaşayış sahəsində su kollektorunun partlaması nəticəsində yaranan fəsadlar hələ də tam aradan qaldırılmayıb.
Sakinlərin sözlərinə görə, problemin ilkin əlamətləri hələ 2014-cü ildən müşahidə olunurdu.
İddialara görə, aidiyyəti qurumlara məlumat verilsə də, həmin vaxt yalnız zədələnmiş hissə təmir edilib və problem köklü həllini tapmayıb.
Baku TV-nin 6 ay əvvəl çəkdiyi süjetdən sonra ərazidən keçən kollektor başqa yerə köçürülüb, çökmüş hissə bərpa olunub. Lakin görülən işlərə baxmayaraq, ərazidəki problemlər qalmaqdadır. Kollektorun partlaması səbəbindən çökmə baş verən hissədə yerləşən evin bir qismi və hasar sökülüb.
Hazırda əsas çətinlik yolun bərbad vəziyyətdə olması ilə bağlıdır. Qazıntı işlərindən sonra ərazidə yaranan palçıq və çöküntülər piyadaların və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Şikayətçi Zərifə Hüseynova məsələ ilə bağlı narazılığını bildirib:
"Aylar əvvəl dəfələrlə müraciət etsək də, gəlib baxmadılar. Ev tam çökəndən sonra məcbur qalıb sökdülər. Bir ay kirayədə qalmağım üçün pul verdilər, yarım ay isə öz hesabıma qaldım. Evimə qayıtsam da, yağış yağanda su mənzilin altına dolur. Yola öz hesabıma qum və daş tökmək məcburiyyətində qalmışam".