Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Professor Nizaməddin Şəmsizadə dəfn olundu
Professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.
Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığından vəfat edib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Fevralın 23-də özəl tibb müəssisələrindən birindən Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə təxliyə olunan 1954-cü il təvəllüdlü Nizaməddin Şəmsizadəyə zəruri həkim baxışı və müayinələr təyin olunub.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, fevralın 24-də saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb".
Aygün Mirakif
Professor Nizaməddin Şəmsizadə 70 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd edək ki, N.Şəmsizadə bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunmuşdu. Həkimlər ona sepsis diaqnozu qoymuşdular. O, yanvar ayının 23-dən etibarən süni nəfəs aparatına qoşulmuşdu.
Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.
N.Şəmsizadə 10-dan çox monoqrafiyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin, eləcə də ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.