Yasamalda, Yaşayış Kombinatı yaxınlığında yerləşən Qanlı göl adlanan su hövzəsində son günlər balıqların kütləvi şəkildə tələf olması müşahidə edilir.
Onlarla ölü balığı dalğalar sahilə atır. Bu isə ətrafda yaşayan insanları narahat edir.
Ekspert Rövşən Abbasov Baku TV-yə danışarkən bildirib ki, balıqların kütləvi ölümü başlıca olaraq zəhərlənmə və ya oksigen çatışmazlığı səbəbindən baş verir:
"Oksigen çatışmazlığı o zaman yaranır ki, yaxınlıqdakı ərazilərdən çirkab suları gölə axıdılsın. Bu zaman oksigeni istehlak edən bakteriyaların sayı artır. Bu isə əlbəttə ki, göldə oksigen səviyyəsinin kəskin aşağı düşməsinə və balıqların boğularaq kütləvi şəkildə tələf olmasına səbəb olur".