Almaniyada yanacaqdoldurma məntəqələrində (YDM) qiymətlər Yəməndəki şiə "Ənsar Allah" hərəkatının (husilər) hücumu fonunda kəskin artıb.
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, dizel və "Super" markalı benzinin bir litri birdən-birə təxminən 20 avrosent bahalaşıb.
Nəşr qeyd edir ki, buna səbəb Bab əl-Məndəb boğazına nəzarət edən husilərdir.
Qeyd olunur ki, oxşar sıçrayışlar əvvəllər də müşahidə edilib, lakin adətən qiymətlər qısa müddət ərzində aşağı düşüb. Şənbə günü isə qiymətlər əhəmiyyətli dərəcədə daha uzun müddət yüksək olaraq qalıb.
"Bild"in məlumatına görə, saat 12:00-da (Bakı vaxtı ilə 14:00 - red.) Almaniyada dizelin bir litrinin orta qiyməti 2,56 avroya çatıb. Nəşr yanacaq qiymətlərinin müqayisəsi üzrə clever-tanken.de portalına istinadən bildirib ki, şənbə günü Berlindəki yanacaqdoldurma məntəqələrindən birində dizelin bir litri təxminən 2,8 avroya satılıb. Bununla yanaşı, DPA agentliyinin məlumatına görə, avqustun ortalarında dizelin bir litrinin orta qiyməti təxminən 2,25 avro təşkil edib.
Həmçinin "Bild" BMT-nin məlumatlarına istinadən qeyd edib ki, 2023-cü ildə dünya üzrə dəniz ticarətinin ümumi həcminin təxminən 9 faizi Bab əl-Məndəb boğazından keçib.
Daha əvvəl Yəmənin şimalında hakimiyyətdə olan şiə "Ənsar Allah" hərəkatının siyasi bürosunun üzvü Hüzam əl-Əsəd husilərin hərbi qüvvələrinin Qırmızı dənizdə strateji əhəmiyyətli Moha şəhərinə, Taiz əyalətindəki Bab əl-Məndəb rayonuna, Bab əl-Məndəb boğazındakı Perim adasına və Yəmənin Qırmızı dənizdəki bütün adalarına nəzarəti ələ keçirdiyini bildirib.