Futbol üzrə Avropa Liqasında İsveç “Gefle”si ilə III təsnifat mərhələsinin cavab görüşü öncəsi Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov cəzalanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Qurbanov “İnter”lə Topaz Premyer Liqasının ilk tur qarşılaşmasının 90-cı dəqiqəsində texniki zona qaydalarını pozub.
“Qarabağ”ın futbolçusu Riçard Almeydaya qarşı rəqib müdafiəçi Brüs Abdulayenin sərt oyununa etiraz edən gənc mütəxəssisi baş hakim Rəhim Həsənov tribunaya göndərib.
İntizam Komitəsi Qurbanovu 1 oyunluq diskvalifikasiyaya, klubunu isə 1000 manat cəriməyə məruz qoyub.
Bu isə o deməkdir ki, baş məşqçi avqustun 11-də “Sumqayıt”la II tur matçında “Qarabağ”a göstərişlərini texniki zonadan verə bilməyəcək.
Qeyd edək ki, “İnter”lə oyunda Brüs Abdulaye ilə toqquşma nəticəsində Riçard Almeydanın beyni silkələnib.
Almeydanın son durumu ilə bağlı “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov sportnews.az fikirlərini söyləyib:
“Toqquşmadan sonra Riçardın ürəkbulanması oldu. Ola bilər ki, beyin silkələnməsi olsun. O, xəstəxanaya aparıldı və müayinədən sonra onun zədəsi ilə bağlı dolğun məlumat olacaq. Xəstəxanaya aparılarkən özünü normal hiss etdiyini dedi, hətta zarafat da etdi”.
Riçard Almeyda, “Gefle” ilə avqustun 8-də keçiriləcək cavab görüşünü buraxmalı olacaq.
www.oxu.az