Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarabağı turizm cənnətinə çevirmək istəyiriksə... - "KASPİ"nin ARAŞDIRMASI
İşğaldan azad olunmuş ərazilərə turistlərin böyük marağı müşahidə olunur. İlbəil bu əraziləri ziyarət edənlərin sayı artır. Artıq rəqəmlər də bunu təsdiqləyir. Məsələn, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində təkcə fərdi avtomobillə Şuşa və Laçın şəhərlərinə 20 mindən çox insan səfər edib. Şuşa şəhərinə 2 650 avtomobillə 12 528 nəfərin, Laçın şəhərinə isə 2 296 fərdi avtomobillə 8 330 nəfərin səfəri reallaşıb. Şuşaya səfər edənlərin 1 779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri bu ərazilərdə yerləşən hotellərdə qonaqlayıb.
2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək isə Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.
Belə görünür ki, yaxın illərdə Azərbaycan turizminin ürəyi bu zonada döyünəcək. Bunun üçün müəyyən addımlar da atılır. Həm təhlükəsizliyin təmin olunması, həm infrastrukturun yenidən qurulması, həm də turizm sektoru üzrə peşəkar kadr potensialının formalaşdırılması istiqamətində paralel işlər aparılır. Maraqlıdır, görəsən, bununla bağlı əlavə hansı addımlara ehtiyac var?
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
"Təhlükəsizlik məsələləri tamamilə həll olunmalıdır"
Turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır. Bir neçə dəfə sözügedən ərazilərə səfər etdiyini bildirən ekspert qeyd edib ki, Qarabağda həm yerli, həm də xarici turistlərin cəlb edilməsi baxımından böyük imkanlar var:
"İlk növbədə onu qeyd etməliyik ki, 30 illik işğal müddətində Qarabağın əksər bölgələrində infrastruktur tamamilə sıradan çıxarılıb. Evlər, yollar dağıdılıb, meşələr məhv edilib. Azərbaycan hazırda o ərazilərdə infrastruktur layihələri həyata keçirir. Bütün tikililər, "ağıllı kənd" layihələri, yeni evlərin inşası, insanlarımızın oraya tədricən köçməsi gələcəkdə həmin ərazilərdə qaynar həyatın, gözəl turizm imkanlarının olacağından xəbər verir".
Ekspertin fikrincə, işğaldan azad olunmuş bölgələrdə turizmin inkişafı üçün təhlükəsizlik məsələləri tamamilə həll olunmalıdır:
"Bununla bağlı da işlər aparılır. Sadəcə, zamana ehtiyac var".
Unikal turizm məhsulları hazırlanmalıdır
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi hesab edir ki, ilk mərhələdə turizm fəaliyyətlərini təmin edən infrastruktur - nəqliyyat, yerləşdirmə vasitələri, qidalanma müəssisələri, enerji təchizatı və sair işlər aparılmalıdır. Eyni zamanda, yaxın gələcəkdə beynəlxalq turizm bazarlarına rəqabətə dözümlü, unikal, fərqli turizm məhsullarının çıxarılması üçün hazırlıqlar görülməsi zəruridir:
"İşğaldan azad edilmiş ərazilərin yüksək turizm potensialı var, burada bir çox turizm ehtiyatları cəmləşib. Diqqət yetirsək görərik ki, Qarabağ ərazi boyunca su hövzələri, meşəli dağlar, mənzərəli məkanlar, kanyonlarla zəngindir. Təbii və antropogen resurslarla zəngin bu ərazilərdə müxtəlif turizm fəaliyyətlərinin inkişafı üçün əlverişli şərait mövcuddur. Balneoji resurslar, tarixi-mədəni abidələr, ləziz mətbəx, folklor və s. bu sırada sadalamaq olar".
Ekspertin fikrincə, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi turizm sənayesinin inkişafına yeni nəfəs verir:
"Azərbaycan təxminən 15 il öncə turizm sənayesinin inkişafına demək olar ki, ikinci nəfəs verdi. Ölkədə turizm infrastrukturunun yaradılması ilə yanaşı, irimiqyaslı, möhtəşəm tədbirlərin keçirilməsinə başlanıldı. Bunlar olduqca vacib və zəruri addımlar idi. Belə tədbirlər ölkənin tanıdılmasında, yeni turizm destinasiyası kimi formalaşmasında xüsusi rol oynayır".
Milli Parkların yaradılması gündəmdədir
Ekspert onu da vurğulayıb ki, yaxın zamanda Qarabağ ərazisində Milli Parkların yaradılması da gündəmdədir:
"Hesab edirəm ki, xüsusi mühafizə olunan təbii ərazilərin yaradılması vacibdir. Bu ərazilərdə ciddi ekoloji reqlamentlərə riayət edərək ətraf mühiti, bioloji müxtəlifliyi qoruyaraq ekoturizm fəaliyyətlərinin yaradılması istiqamətində vacib mərhələ hesab edilə bilər. Artıq Azərbaycan Ekoturizm Assosiasiyasının fəalları bir neçə dəfə Qarabağa ezam edilib və doğma yurdda ekoturizm potensialının qiymətləndirilməsi üçün müvafiq işlərin aparılmasına start veriblər. Əminəm ki, Azərbaycan yüksək ekoloji mədəniyyət nümayiş edərək yaxın gələcəkdə dünyaya ekoturizm destinasiyaları ilə də açıla biləcək".
Bu ərazilərin turizm imkanları qiymətləndirilir
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirib ki, azad edilmiş ərazilərdə turizm əsas iqtisadi fəaliyyət sahələrindən biri kimi müəyyənləşdirilib:
"Bunun üçün ortamüddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyən edilib. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın hədəf göstəricilərində turizm sektorunun inkişafı əsas infrastruktur layihələrinə əlavə olunub. Onun əsasında Dövlət Turizm Agentliyinin "İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Fəaliyyət Planı" təsdiq edilib. İnstitusional inkişaf çərçivəsində işğaldan azad edilmiş ərazilər üzrə "Qarabağ Regional Turizm İdarəsi"nin yaradılmasını qeyd edə bilərik. Prezidentin Sərəncamı ilə iyun ayında "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması və Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir".
"Etdiyimiz səhvləri təkrarlamamalıyıq"
İqtisadçı-ekspert Pərviz Heydərov isə hesab edir ki, Qarabağı turizm cənnətinə çevirmək istəyiriksə, digər turizm zonalarında etdiyimiz səhvləri təkrarlamamalıyıq:
"Bu gün həmin ərazilərdə həm əhalinin məskunlaşması, həm də turizmin canlanması baxımından dövlət tərəfindən kifayət qədər geniş işlər həyata keçirilir. Amma biz Qarabağı turizm cənnətinə çevirmək istəyiriksə, digər turizm zonalarında etdiyimiz səhvləri təkrarlamamalıyıq. Qiymət siyasətinə və xidmətin keyfiyyətinə ciddi nəzarət etməliyik. Yəni "soyğunçu" qiymət siyasəti olmamalıdır. Həm yerli, həm də xarici turistləri bu bölgəyə cəlb etmək üçün qonşu ölkələrlə rəqabət apara biləcək qiymət siyasəti müəyyənləşdirilməlidir".
"Turizm sektoru" teqi üzrə xəbərlər
- Zoran Ljutkov: "Biz gələcəyin turizmini yalnız mühüm strateji sənədlərin qəbulu ilə yarada bilərik"
- UNEP-in icraçı direktoru: "Turizm iqlim dəyişikliyinin qurbanıdır"
- Baş direktor: "Dövlət özəl tərəfdaşlıqları və təhlükəsiz maliyyələşdirməni gücləndirməlidir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - "Kaspi"nin ARAŞDIRMASI
Rəylər