Üzünü gizlədib kameralardan qaçmağa cəhd göstərən bu şəxs 56 yaşlı Rüstəmov Lətif Əli oğludur.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Lətif Rüstəmovun Binəqədi rayonu Nizami Nərimanov küçəsi, 87 ünvanında icarəyə götürdüyü qarajda Bakı şəhər baytarliq idarəsinin əməkdaşları qanunsuz fəaliyyət göstərən sex aşkar ediblər.
Sahibkar burada keyfiyyətsiz toyuq məhsullarının ətini sümüyündən ayıraraq paytaxtın müxtəlif kafe və dönərxanalarına satırmış. Qarajın içinə girən zaman isə burada adi gigiyenik qaydalara belə məhəl olunmadığı nəzərdən qaçmır. Bir tərəfdə artıq qurd içində müştəri gözləyən qalaq-qalaq toyuq ətləri, digər tərəfdə isə hələ doğranılmasını gözləyən məhsullar.
Daha 1 maraqlı məqam isə qarajın düz yanında kafenin yerləşməsidir. Toyuq məhsullarının bu obyketdə də müştərilərə satıldığı istisna edilmir. Ətraf ərazidə yaşayan sakinlər bu kafenin məhz Lətif Rüstəmovun obyekti ifşa ediləndən sonra fəaliyyətini dayandırdığını bildirdilər.
Ərazidə yoxlama aparandan sonra qarajdakı keyfiyyətsiz toyuq ətləri Bakı şəhər baytarlıq idarəsinin əməkdaşları tərəfindən müsadirə edildi. İdarədən bildirdilər ki, bu işlərlə məşğul olan işbazlara qarşı mübarizə bundan sonra da davam etdiriləcək. Mübarizənin bir növünü isə adi vətəndaşlar aparmalıdır, Lətif Rüstəmov kimi insanların sağlamlığı ilə oynayan işbazları ictmai qınaq obyektinə çevirərək. Bəlkə bu ictimai qınaq da onun kimiləri belə əməllərdən çəkindirdi.