Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti İçərişəhər, Qoşa Qala qapılarında bərpa-konservasiya işləri aparır.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
İdarədən bildirilib ki, layihəyə əsasən, 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri şəhər (daxili), həmçinin, Bayır şəhər (fasad) bərpa-konservasiya ediləcək:
“Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla, abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır”.
“İçərişəhər” DTMQİ ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib:
“Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır.
Bununla bağlı olaraq Qoruq İdarəsi hazırda İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirir”, - deyə “İçərişəhər”dən bildirilib.
Rəylər