Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Quba və Şəkidə bəzi körpüləri sel suları yuyub
Bölgələrimizdə yağan güclü yağışlar səbəbindən Quba və Şəkidə bəzi körpüləri sel suları yuyub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Quba ilə bağlı yayımlanan videogörüntüdə suyun yuyub apardığı körpü deyil, torpaq hissədir, yəni müvəqqəti salınmış yoldur.
"Sözügedən ərazidəki körpü əsaslı şəkildə bərpa olunur. Bu səbəbdən də alternativ olaraq, çayın içindən müvəqqəti yol salınmışdı. Həmin yolun bir hissəsini sel suları yuyub. Qısa müddətdə yol bərpa olunacaq. Ərazidə hər hansı başqa problem yoxdur. Həm Qusar, həm də Xaçmaz istiqamətinə alternativ yollar mövcuddur və nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem müşahidə olunmur.
Şəki ilə bağlı videogörüntüyə gəldikdə isə qeyd edim ki, o körpü bizim balansımızda deyil. Qeyd etdiyim kimi, bizim balansımızda olan körpülərin hər hansı birində problem müşahidə olunmayıb", - deyə A. nəcəfli diqqətə çatdırıb.
Şəkidən yayımlanan videogörüntü ilə bağlı sorğunu Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazi Marxalı keçəndən sonra Narınqala istirahət zonasına tərəf gedən müvəqqəti körpüdür.
"Yəni yaşayış zonası deyil. İki-üç istirahət mərkəzinə getmək üçün olan körpüdür. Hazırda ərazidə iş gedir. Tezliklə bərpa olunacaq".
Ərazidən son video və fotoları təqdim edirik:
Əzizə İsmayılova
Rəylər