"Süni intellektin verdiyi məlumatların doğruluğuna əmin olmaq üçün lisenziyalaşdırma çox vacibdir".
Oxu.Az xəbər verir ki, bunu Gürcüstan İctimai Televiziyasının jurnalisti Ramiliya Əliyeva Azərbaycan-Gürcüstan media forumunda panel müzakirəsi zamanı deyib.
O bildirib ki, süni intellekt ərsəyə gələndə media nümayəndələri düşündülər ki, işləri əllərindən alınacaq, lakin zamanla ənənəvi medianın rolunun daha da artdığını görürük:
"Bir media nümayəndəsinə qarşı etimad ona verilən lisenziyadan irəli gəlir. Bu aspektdən yanaşdıqda süni intellekt qlobal dünyada inkişaf etdikcə lisenziyalaşdırma məsələsi gündəmə gəlir, vacib əhəmiyyət kəsb edir.
Hazırda Gürcüstan mediasında da biz ondan istifadə edirik. Süni intellekt vaxt alan işləri qısa müddətdə həll edir. Lakin hər hansı araşdırma zamanı onun verdiyi məlumatların doğruluğuna əmin olmaq lazımdır. Bunun üçün lisenziyalaşdırma vacibdir. O bir alətdir, hər bir şeydə nəzarət lazımdır. Çünki süni intellektin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var".
Aygün Mirakif