"Azərbaycanın dövlət-din münasibətləri modelinin mühüm xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, dövlət bütün dini etiqadlara hörmətlə yanaşır, dini etiqad azadlığını təmin edir və eyni zamanda cəmiyyətin dünyəvi xarakterini qoruyur".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda deyib.
O bildirib ki, dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir:
"Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət Azərbaycan cəmiyyətinin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir.
Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. Lakin tarixi təcrübə göstərir ki, milli kimliyi qorumaq və müasir inkişaf yolunu seçmək bir-birinə zidd deyil. Başqa sözlə, bizim hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli, yalnız bilikli deyil, məsuliyyətli, sadəcə, texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən, öz hüquqlarını bilməklə bərabər, məsuliyyətlərini də dərk edən vətəndaş yetişdirməkdir".
Qurum sədri əlavə edib ki, gənclər arasında milli-mənəvi dəyərlər, dini savadlılıq və düşüncə təhlükəsizliyi mövzusunda birgə maarifləndirici proqramlar həyata keçirə bilərik:
"Gənclərin real informasiya davranışını nəzərə alaraq, klassik tədbirlərdən əlavə, sosial media və rəqəmsal platformalar üçün müasir məzmunlar hazırlaya bilərik. Burada əsas prinsip formal tədbirlər deyil, gəncin gündəlik istifadə etdiyi informasiya məkanında onunla düzgün kommunikasiya qurmaq olmalıdır".